Ərdoğan: Azərbaycan qısa müddətdə Kəlbəcər və Laçını da işğaldan azad edəcək

Ərdoğan: Azərbaycan qısa müddətdə Kəlbəcər və Laçını da işğaldan azad edəcək

Dünən Şuşanın işğaldan azad olunması ilə birlikdə sevinc və ümidlərimiz daha da artıb.

“Azeri Defence” saytının məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada keçirilən 12-ci Səfirlər Konfransında deyib.

Türkiyə Prezidenti bildirib ki, 28 il davam edən bu insafsız işğala ATƏT-in Minsk Qrupu bir həll yolu tapmadı: “Ancaq davamlı olaraq baş qatdılar. Bunu özləri ilə danışdıq, lakin heç bir zaman həll yolu tapmadılar. Çünki həll yolu tapmaq kimi bir dərdləri yox idi.

Azərbaycanlı qardaşlarımız özləri indi bu işi bitirdilər. Biz gözləri yaşlı olaraq dünən Prezident İlham Əliyev qardaşımızın Şuşanın azad edilməsindən sonra verdiyi açıqlamaları ekranda izlədik. İki dövlət, tək millət olmağın eşqi budur.

Mərhum Məhəmməd Əmin Rəsulzadənin də dediyi kimi: “Bir kərə yüksələn bayraq, bir daha enməz!” Enməyəcəkdir! Dağlıq Qarabağda işğal bitənə qədər mübarizə bayrağı inşallah enməyəcəkdir. Bu münasibətlə bir daha İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımı təbrik edir, şəhidlərimizi rəhmətlə anıram”.

Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, inşallah qısa müddətdə Azərbaycan işğal altındakı Kəlbəcər və Laçın başda olmaqla, qalan bütün ərazilərini işğaldan azad edəcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş