Ərdoğan: Ermənilərin Azərbaycana vurduğu ziyanın, törədilən bütün cinayətlərin hesabı sorulmalıdır

Ərdoğan: Ermənilərin Azərbaycana vurduğu ziyanın, törədilən bütün cinayətlərin hesabı sorulmalıdır

Azərbaycanın torpaqlarını işğaldan azad etməsi əsla mübarizənin başa çatması demək deyildir. Bu günə qədər siyasi və hərbi sahədə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcək.

“Azeri Defence”nin məlumatına görə, bu barədə Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında deyib.

Türkiyə Prezidenti bildirib ki, otuz illik işğal müddətində bu bölgələrin viranəyə çevrildiyini, daş üstündə daş qalmadığını hamımız birlikdə gördük: “Qardaşım İlham Əliyevin dediyi kimi, Füzuli şəhərində bayraq asmağa belə bina tapılmamışdır. Bütün şəhərlər tar-mar edilmiş, bütün kəndlər yerlə-yeksan olmuş, məzarlıqlar belə dağıdılmışdır. Məscidlər dağıdılmış, minarələr eynilə tar-mar olmuşdur. Ermənilər hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni abidələri də, təbii, sərvətləri də qarət etdilər. Bütün bu ziyanın hesabı sorulmalıdır”.

Türkiyə Prezidenti müharibə zamanı Gəncə, Tərtər, Ağdam, Bərdə, Ağcabədi kimi Azərbaycan torpaqlarının da hədəfə alındığını xatırladıb.

“Yüz məsum mülki şəxs şəhid edilib, analar balasız, uşaqlar atasız-anasız qalmışdır. Hücumlar nəticəsində 416 qardaşımız da yaralanmışdır. Müharibə hüququ kobud şəkildə pozulub, insanlıq şərəfi ayaqlar altına salınmışdır. Bunları görməməzliyə vuranların gözləri qədər vicdanları da korlaşmışdır. Hər məcrada bunun hesabını sormalıyıq. İllərdir yurd həsrəti ilə alışıb yanan bir milyon qaçqın və məcburi köçkün doğulduqları torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. İnşallah, ən qısa vaxtda qardaşlarımızın yurd həsrəti sona çatacaq”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş