Ərdoğan: “Türk əsgəri Azərbaycanda ona verilən vəzifəni qüsursuz yerinə yetirəcəkdir”

Ərdoğan: “Türk əsgəri Azərbaycanda ona verilən vəzifəni qüsursuz yerinə yetirəcəkdir”

Prezident Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün Türkiyə-Rusiya Birgə Mərkəzində xidmət edəcək Türkiyə hərbçilərinə telefon vasitəsilə mesaj ünvanlayıb.

Bu barədə “Azeri Defence” Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

“Türkiyə Silahlı Qüvvələrinin, Azərbaycan Ordusunun dəyərli qəhrəmanları hər birinizi səmimiyyətlə salamlayıram. İlham Əliyevin liderliyilə 44 günlük bir müddətdə Azərbaycan dillərə dastan olan bir zəfərə imza atdı. Bu zəfər Azərbaycanlı qardaşlarımızı qədər bizləri də məmnun edib”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Bakıda Azadlıq Meydanında 10 dekabrda keçirilmiş Zəfər paradında Azərbaycan xalqının qüruruna ortaq olduqlarını xatırladan Rəcəb Tayyib Ərdoğan “102 il öncə Azərbaycan xalqı Qafqaz İslam Ordusunu necə dualarla və sevinclə qarşılayıbsa, 10 dekabrda da Türkiyə Silahlı Qüvvələrini eyni sevinclə qarşıladı. Yaxın tarixdə olan birlik və bərabərliyimiz 44 günlük müddətdə Türkiyə və Azərbaycanın “iki dövlət, bir millət” anlayışı ilə biri-birinə nə qədər bağlı olduğunu bir daha təsdiqlədi” deyib.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə hərbçilərinin Azərbaycanda mövcudluğu hərbi zəfərindən qürur duyan Azərbaycanın bundan sonrakı mübarizəsinə də həm savaş meydanında, həm də bütün beynəlxalq platformada dəstək vermək deməkdir: “Keçmişi şan və şərəflə dolu olan Türk ordusu, əsrlər boyu olduğu kimi yenə də şərəflə öz mübarizəsinə davam edəcəkdir. Türk əsgəri “ölsəm şəhid, qalsam qazi” anlayışı ilə ölkəmizdə və bütün dünyada, başda da Azərbaycanda ona verilən vəzifəni qüsursuz yerinə yetiərcəkdir. Suriyadan Liviyaya, Somalidən Kosovoya, Əfqanıstandan Qətərə qədər bir çox yerdə sülhün, əmin-amanlığın və sabitliyin qorunması üçün mübarizə aparan bütün əsgərlərimizə Azərbaycanda da uğurlar arzulayıram”.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş