DSX Sahil Mühafizəsi axtarışda olan şəxsi yaxalayıb

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi tərəfindən cinayət işi ilə əlaqədar axtarışda olan, dəfələrlə məhkum olunmuş şəxs yaxalanıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, DSX-ya Fövqəladə Hallar Nazirliyindən Xəzər dənizində Pirallahı adası istiqamətində bir nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Məlumat əsasında DSX-nin Sahil Mühafizəsi tərəfindən qeyd olunan istiqamətdə axtarış-xilasetmə tədbirləri həyata keçirilib. Havanın əlverişsiz olmasına baxmayaraq texniki müşahidə vasitələri ilə su səthinə keçirilən baxış nəticəsində sahildən 250 metr məsafədə Xəzər dənizində köməksiz qalmış şəxs aşkar edilərək sahilə çıxarılıb.

Aparılmış araşdırma zamanı xilas edilən şəxsin Daxili İşlər Nazirliyinin Pirallahı rayon polis şöbəsi tərəfindən 07 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə başlanılmış cinayət işi ilə əlaqədar axtarışda olan, dəfələrlə məhkum olunmuş, 1990-cı il təvəllüdlü Pirallahı qəsəbə sakini Hüseynov Pənah Valeh oğlu olduğu müəyyən edilib.

Saxlanılan şəxs Daxili İşlər Nazirliyinin Pirallahı rayon polis şöbəsinə təhvil verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş