Müdafiə Nazirliyində “Müasir təhlükəsizlik sistemində kibertəhlükəsizlik məsələləri” mövzusunda konfrans keçirilib

Bu gün Azərbaycan Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılmasının 18-ci ildönümünə həsr edilmiş “Müasir təhlükəsizlik sistemində kibertəhlükəsizlik məsələləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi Akademiyanın rəisi, general-leytenant Heydər Piriyev müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ümummilli lider Heydər Əliyevin 20 fevral 1999-cu il tarixli Fərmanı ilə yaradılan Silahlı Qüvvələrin Hərbi Akademiyasının 18-ci ildönümü münasibətilə konfrans iştirakçılarını və bütün şəxsi heyəti təbrik edən H.Piriyev çıxışında hərbi təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, eləcə də prezident İlham Əliyevin ümumilikdə hərb sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb.

Sonra çıxış edənlər kibertəhlükəsizlik məsələlərinin müasir təhlükəsizlik sistemində mühüm yer tutduğunu və bu məqsədlə bu cür vacib tədbirlərin keçirilməsinin təqdirəlayiq hal olduğunu bildiriblər.

Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup əməkdaş mükafatlandırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş