Sərhədçilər beynəlxalq axtarışda olan şəxsi saxlayıblar
Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd edən beynəlxalq axtarışda olan şəxs saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence ” yə verilən məlumata görə, martın 21-də Ağstafa rayonunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 1987-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Elgün Nadir oğlu İsmayıl-Necatın dövlət sərhədini qanunsuz pozaraq Gürcüstan ərazisinə keçmə cəhdinin qarşısı alınıb. Sərhəd naryadının qanuni tələbinə tabe olmayan sərhəd pozucusu müqavimət göstərərək hadisə yerindən qaçmağa cəhd etsə də, DSX əməkdaşları tərəfindən yaxalanıb.
Fakt üzrə keçirilmiş tədbirlər nəticəsində vətəndaş E.N.İsmayıl-Necatın ağır cinayət törətdiyinə görə beynəlxalq axtarışda olması müəyyənləşdirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədinin pozulmasına vasitəçilik etmiş 1962-ci il təvəllüdlü Ağstafa rayon sakini Gündüz İsmayıl oğlu Quliyev müəyyənləşdirilərək saxlanılıb.
Dövlət sərhədinin pozulmasına cəhd ilə əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.