2017-ci il hərb tariximizdə hansı hadisələrlə yadda qaldı

Geridə qoyduğumuz 2017-ci il Azərbaycanın hərb tarixində bir sıra hadisələrlə yadda qalıb. “AzeriDefence”nin məlumatına görə, əsas hadisələrin təhlili maliyyə böhranına baxmayaraq 2017-ci ilin Azərbaycanda silahlı qüvvələrin modernləşdirilməsi və quruculuq dövrü kimi xarakterizə etməyə imkan verir. Eyni zamanda bu dövrdə Rusiya, İsrail və Türkiyədən sifariş verilmiş hərbi texnika və silahlar ölkəyə gətirilib. Ordu və digər hərbi strukturlar, ayrı-ayrı qoşun qismlərinin davamlı şəkildə təlimləri keçirilib.

2017-ci il ərzində Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən Silahlı Qüvvələrdə tikinti-quruculuq işləri davam edib. Dövlət başçısı yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin, habelə FHN-nin obyektlərinin açılışında iştirak edib.

Prezident İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsindəki hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışına qatılıb. Fevralın 2-də cəbhəboyu zonada yeni hərbi şəhərcik istifadəyə verilib. Fevralın 7-də Prezident İlham Əliyev təkbaşına şücaət göstərərək çox sayda düşmən əsgərini məhv etmiş əsgər Çingiz Qurbanova Azərbaycan Respublikasının Milli Qəhrəmanı adının verilməsi barədə sərəncam imzalayıb. Fevralın 16-da Bakıda ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin görüşü keçirilib. Fevralın 23-də isə cəbhəboyu zonada yeni təlim mərkəzinin açılışı olub.

Martın 31-də prezident İlham Əliyev 2016-cı ilin aprel döyüşlərində iştirak etmiş bir qrup hərbi qulluqçu ilə görüşüb. Aprelin 8-də Azərbaycan Tibb Universitetində Hərbi Tibb Fakültəsinin yeni tədris binası istifadəyə verilib. Aprel-may-iyun aylarında Bakıda və Naxçıvanda Azərbaycan və Türkiyə silahlı qüvvələrinin iştirakı ilə birgə taktiki təlimlər keçirilib. Mayın 10-da Azərbaycan HHQ üçün İtaliya istehsalı olan M-346 təyyarəsinin təqdimatı keçirilib. İyun ayında isə  Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə “Qafqaz Qartalı -2017” təlimi keçirilib (Gürcüstanda). İyunun 7-də Müdafiə Nazirliyində snayper hazırlığı mərkəzi istifadəyə verilib.

İyunun 14-də prezident İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri çərçivəsində cəbhəyanı rayonlardan olan hərbi ali təhsil müəssisələrinin məzunları ilə görüşüb. İyun ayının 20-də prezident İlham Əliyevin sərəncamı ilə Müdafiə Nazirliyinin 4 hərbi qulluqçusuna general-mayor ali hərbi rütbəsi verilib. Ordu günü ərəfəsində nazirliyin bir qrup hərbi qulluqçusu və əməkdaşı təltif olunub. İyun 22-də cəbhəboyu zonada yerləşən daha iki yeni hərbi şəhərciyin açılışı olub – Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən zenit-raket və mühəndis-istehkam hərbi hissələrinin açılışında iştirak edib. İyulun 1-də Müdafiə Nazirliyinin Baş İdarələrindən birinin əsaslı təmirdən sonra inzibati binasının açılış mərasimi keçirilib. İyulun 13-də Silahlı Qüvvələrin rabitə vasitələrinin texniki xidməti və təmiri Mərkəzinin, avqustun 8-də isə Zirehli döyüş avtomobillərinin təmiri və texniki xidmət mərkəzinin açılışı olub.

İyul-avqust aylarında Beynəlxalq Ordu Oyunları çərçivəsində Azərbaycanda “Dəniz kuboku-2017” beynəlxalq yarışı keçirilib. Həmçinin, iyul-avqust aylarında Azərbaycan hərbçiləri Rusiyada və Qazaxıstanda keçirilən Beynəlxalq Ordu Oyunları çərçivəsində “Snayper həddi”, “Artilleriya atəşi ustası”, “Tank biatlonu” və “Səhra mətbəxi” yarışmalarında iştirak ediblər. İyulun 30-da Azərbaycan HHQ və Pakistanın PAC təşkilatı arasında 10 ədəd “Super Muşşak” təlim təyyarəsinin alğı-satqısına dair müqavilə imzalanıb. Avqustda Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun aviasiya hissəsinin silahlanmasına Su-25 hücum təyyarələri daxil edilib.

Prezident İlham Əliyev avqustun 20-də Şəmkir rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının imkanları ilə tanış olub. Sentyabrda Silahlı Qüvvələrin genişmiqyaslı təlimləri keçirilib. 18-30 sentyabr tarixlərində isə Azərbaycanda “TurAz Qartalı – 2017” təlimləri keçirilib. Sentyabrın 19-da cəbhəboyu zonada yerləşən yeni hərbi hissə və yeni hərbi obyektlərin açılışı olub. Oktyabrın 3-də Azərbaycan HDQ-nin gəmiləri ilk dəfə İrana dostluq səfəri edib.

Okytabrın 18-də Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü qeyd olunub, hərbi parad keçirilib. Oktyabrın 20-də HHM qoşunlarının yeni hərbi hissəsi istifadəyə verilib. Bundan başqa, oktyabrda Raket-Artilleriya Qoşunlarının təlimlərində ordunun yeni aldığı “SpgH Dana” özüyeriyən haubitsalar və RM-70 “Vampir” YARS nümayiş olunub. Noyabrın 9-da Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə döyüş bayraqları təqdim olunub. Noyabrda həmçinin Silahlı Qüvvələrdə komanda-qərargah hərb oyunları keçirilib. Noyabrın 28-də prezident cəbhəyanı rayonlara səfəri zamanı Müdafiə Nazirliyinin Tərtər və Ağcabədi rayonlarında yerləşən hərbi hissələrində olub.

DSX üzrə prezident İlham Əliyevin iştirakı ilə yanvar ayının 13-də və avqust ayının 24-də DSX Sahil Mühafizəsinin “Gəmi inşası zavodu”nda inşası yekunlaşmış 3-cü və 4-cü “Tufan” tipli sərhəd gözətçi gəmisi təhvil verilib. Bu tipli daha 2 gəminin təməli qoyulub. İyul ayının 5-də Dövlət Sərhəd Xidmətinin strukturunun təkmilləşdirilməsi barədə prezidentin imzaladığı sərəncamla DSX-nin tərkibində 4 silahlı birləşmə yaradılıb.

11-14 avqust tarixlərində Xəzər dənizində keçirilən taktiki təlimlərdə DSX-nin silahlanmasındakı bir sıra yeni silahlar nümayiş olunub. “Spike NLOS” və LAHAT idarə olunan raketlərlə atışlar həyata keçirilib, ilk dəfə olaraq “Hermes-900” PUA nümayiş olunub. Avqustun 24-də prezident İlham Əliyevin DSX Sahil Mühafizəsinin bazasına səfəri zamanı DSX-nin silahlanmasında yer alan 120 mm “Spear” avtomatlaşdırılmış mobil minaatan kompleksi, “Harop” və “Zərbə” kamikadze PUA-lar ilk dəfə nümayiş olunub. Oktyabrın 19-da Bakıda MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 78-ci iclası keçirilib.

MSN

Fevral ayının 14-də Müdafiə Sənayesi Nazirliyi (MSN) Azərbaycanın ilk milli minaya qarşı qorumalı nəqliyyat vasitəsi olan “Tufan” maşınının eksperimental nümunəsinin təqdimatını keçirib. 9-12 may tarixlərində MSN Türkiyədə keçirilən hərbi sərgidə iştirak edərək 260-dan artıq hərbi məhsulunu sərgiləyib. Sərgi çərçivəsində nazirliyin Elmi Tədqiqat İnstitutu, “Optika-Mexanika” və “Cihaz” istehsalat birlikləri ilə Türkiyənin ASELSAN və TUSAŞ şirkətləri arasında müdafiə təyinatlı məmulatların birgə istehsalına dair niyyət protokolları imzalanıb.

İyunun 23-də prezident İlham Əliyevin iştirakı ilə Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin 40×46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı və TƏQ-7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün sursatların istehsalı zavodları istifadəyə verilib. Prezident açılışdan sonra hərbçilərlə görüşüb.

Daxili Qoşunlar

İyunun 23-də prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərində yerləşən hərbi hissəsinin açılışında iştirak edib.

ANAMA

Sentyabrın 26-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ceyrançöl layihəsinin üçüncü mərhələsinə start verilib.

DTX və XKX

Martın 27-də prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) 4 əməkdaşına və Xarici Kəşfiyyat Xidməti rəisinin müavini Ceyhun Şadlinskiyə general-mayor ali hərbi rütbəsi verilib.

FHN

2-3 noyabr tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı, Xəzəryanı ölkələrin iştirakı ilə Bakının Qaradağ rayonu ərazisində, Xəzər dənizinin cənub-qərb hissəsində “Xəzər-2017” beynəlxalq təlimi keçirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş