Fransız saytı: Hollandiyanın “Damen” və Fransanın “Naval Group” şirkətləri Azərbaycana hərbi gəmi satmaq üçün mübarizə aparır

Hollandiyanın “Damen Shipyards” və Fransanın “Naval Group” (DCNS) gəmiqayırma şirkətləri Azərbaycanın patrul gəmiləri bazarı üçün mübarizə aparır.

“AzeriDefence” xəbər verir ki, bu barədə Fransadan yayımlanan “Intelligence Online” saytının “Bataille acharnee entre patrouilleurs a Bakou” sərlövhəli məqaləsində bildirilib.

Məqalədə qeyd olunub ki, Fransanın “Naval Group” şirkəti (keçmiş DCNS) Azərbaycana “Gowind” layihəli minimum üç patrul gəmisi satmaq üçün özünün bütün resurslarından istifadə edir. “Naval Group” şirkətinin prezidenti Herve Quillounun 2017-ci ilin yazında Fransada rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə görüşü olub. Görüş zamanı prezident İlham Əliyev Herve Quillounun təklifini yüksək qiymətləndirib.

“Naval Group”a Bakıda biznes-ofisi dəstəyi Fransanın tanınmış CİFAL şirkəti tərəfindən göstərilir.

Yazıda qeyd olunur ki, Azərbaycan gözətçi gəmilərinin sayını artırmağı və imkanlarını yüksəltmək istəyir. Nəzərdə tutulan üç patrul gəmisinin tikintisi, gəminin silahlandırılması daxil olmaqla 430 milyon avro məbləğində dəyərləndirilir.

Hollandiyanın “Damen Shipyards” şirkəti də oxşar məbləğ çərçivəsində patrul gəmilərinin tikintisi üçün öz layihələrini təklif edib və təklifinin qəbul olunması üçün bütün imkanlarını səfərbər edib. “Damen”in kommersiya fəaliyyətlərini Vadim Akimov və Azərbaycanda yerli biznesmen, “Azairtechservice” şirkətinin rəhbəri Fuad Seyidəliyev aparır. Sayt F. Seyidəliyevin “ASPİ Consulting” şirkətinə, habelə Virgin adalarında ofşor bölgələrdə yerləşən  şirkətlərə sahib olduğu, Azərbaycanda xarici şirkətlərlə birgə şirkətlərinin olduğu qeyd edib.

Paris və Amsterdamda ümid edirlər ki, Ermənistan bu müqaviləyə mane olmaq üçün diplomatik təsirlər göstərməyəcək. Layihələrin iki ölkə arasında münaqişəyə səbəb olan Dağlıq Qarabağla əlaqəsi yoxdur.

QEYD: “Naval Group”un Azərbaycan HDQ-nə 40 və 90 metrlik OPV gəmilərin, “Damen”in isə SİGMA layihəli korvetin təklif etdiyi bildirilir. Məlumatlara görə, “Damen” şirkəti qiymət olaraq daha uyğun təklif verib. Lakin maliyyələşmə ilə bağlı daha səmərəli təklif verən üçüncü ölkənin şirkəti ilə  görüşmələrin davam etdirilməsinə qərar verilib.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş