Limanda 3 ədəd tank əleyhinə mina aşkar olunub

Limanda 3 ədəd tank əleyhinə mina aşkar olunub

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Dövlət Sərhəd Xidmətindən martın 18-də Lənkəran rayonu, Liman qəsəbəsi ərazisində 3 ədəd minanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə TM-57 minası və 2 ədəd tank əleyhinə TM-62M minası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaların ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 18 mart 2020-ci il tarixlərində 72 siqnal (əməliyyat çağırışı) əsasında 65 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Ağcabədi, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Göygöl, Xızı, Qazax, Qaradağ, Lənkəran, Sabirabad, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilib.

186 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd piyada əleyhinə mina, 13 ədəd tank əleyhinə mina və 5 674 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 37 935 kv.m ərazi yerüstü və 4 181 kv.m ərazi yeraltı yoxlanılıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş