FHN: Düşmənin raket zərbələri nəticəsində Gəncədə dağılmış evlərdə axtarış-xilasetmə işləri yekunlaşıb

FHN: Düşmənin raket zərbələri nəticəsində Gəncədə dağılmış evlərdə axtarış-xilasetmə işləri yekunlaşıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində Gəncədə dağılmış evlərdə axtarış-xilasetmə işləri yekunlaşması ilə bağlı məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindən Azeri Defence saytına verilən məlumata görə, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 01 radələrində Gəncəni yenidən raket atəşinə tutması nəticəsində yaşayış evlərinə düşən raketlərin həmin evləri tamamilə dağıtdığı, sakinlərin dağıntılar altında qaldığı vurğulanıb.

Qeyd edilib ki, dərhal əraziyə FHN-in müvafiq qüvvələri, o cümlədən nazirliyin Gəncə Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Hazırkı vəziyyətə görə, dağıntılar altından ümumilikdə xəsarət almış 53 nəfər və 13 nəfərin cəsədi çıxarılıb.

Aidiyyəti qurumların məlumatına əsasən, dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb.

Qeyd edək ki, FHN hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin 112 – “qaynar” telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş