“Abrams”ın yeni mərmiləri aviasiya hədəflərini də məhv edə biləcək – FOTO

ABŞ Silahlı Qüvvələrinin əsas döyüş tankı olan “Abrams” üçün proqramlaşdırılmış mərmilər yaradılıb.

“AzeriDefence”nin “army-technology.com” saytına istinadən verdiyi məlumata görə, bu mərmilər güclü istehkamları, piyada bölmələrini, helikopterləri məhv edə biləcək.

Artıq bununla bağlı ABŞ Müdafiə Nazirliyi ilə istehsalçı “Orbital ATK” şirkəti arasında 45 milyon dollarlıq müqavilə imzalanıb.

Növbəti saziş isə bu ilin sonuna qədər imzalanmalıdır. Bununla da  2020-ci ilə qədər “Abrams”ın arsenalına yeni mərmilər daxil ediləcək.

Bu mərmi hazırda “Abrams”ın arsenalında olan M830, M830A1, M1028 və M908 sursatlarını əvəz edəcək.

Yeni mərminin texniki xüsusiyyətləri haqda ətraflı məlumat verilməsə də bildirilib ki, XM1147 adlı bu mərmilər çoxfunksiyalı təyinata malikdir. Belə ki, XM1147 piyadalar, yüngül zirehli hədəflərlə yanaşı aşağıdan uçan aviasiya vasitələrinə, o cümlədən 2 km məsafədə istehkamlara qarşı da dağıdıcı gücə sahibdir.

Mərminin döyüş başlığı yüksək gücə malik olmaqla bərabər, izləyici elementlərlə də təchiz olunub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş