ABŞ Azərbaycanda minatəmizləmə işlərinə 30 milyon dollardan artıq vəsait xərcləyib

ABŞ 1993-cü ildən indiyədək Azərbaycanda minalardan təmizləməyə dəstək məqsədilə 30 milyon dollardan artıq vəsait sərf edib.“AzeriDefence”nin məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta öz bloqunda bildirib.

Səfirin sözlərinə görə, Birləşmiş Ştatların maliyyə yardımı və əməkdaşlığı ilə Azərbaycanın göstərdiyi səylər nəticəsində torpaqların minalardan və partlamamış sursatlardan təmizlənməsində əsl irəliləyiş əldə edilib. “Saloğlu” yaxınlığındakı bir ərazidə, 1991-ci ildə ölkədən çıxan Sovet Ordusu partlayıcılarla dolu 138 ədəd bunkeri məhv edib, beləliklə ərazini yarım milyondan çox partlamamış sursat hissələri ilə zibilləyib. Bu gün təmizlənmiş ərazidə məktəb yerləşir və toplanmış metal qırıntılarının satışından əldə edilmiş vəsait hesabına kəndin uşaqları üçün idman stadionu tikilib”.

Səfir bildirib ki, ABŞ Gürcüstanla sərhəddə və Ceyrançöl rayonunda ərazidən partlamamış hərbi sursatların və müharibənin digər partlayıcı qalıqlarının təmizlənməsi istiqamətində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) NATO ilə birgə səylərini əlaqələndirən aparıcı ölkədir: “ANAMA işçiləri 23 kvadrat kilometr ərazini təmizləməyi qarşıya məqsəd qoyub və demək olar ki, yarısını yerinə yetiriblər. Hər bir mina, hər bir partlamamış sursatın təmizlənməsi xilas olunmuş bir həyatdır. Bütün dünya bu il Beynəlxalq Minatəmizləmə Gününü qeyd etdiyi kimi, biz də Azərbaycanla əməkdaşlığımızı və digərlərinin həyatını xilas etmək üçün öz həyatları ilə risk edən ANAMA işçilərinin heyrətamiz işini qeyd edirik”.

KATEQORIYA:
Bu xəbəri paylaş