ABŞ Litva Ordusunu “Javelin” kompleksləri ilə təchiz edib

ABŞ Litva Ordusunu “Javelin” kompleksləri ilə təchiz edib

Litva Silahlı Qüvvələri ABŞ istehsalı olan “Javelin” tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksləri ilə təchiz edilib.

Bu barədə Azeri Defence saytı Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib. Təxminən 31 milyon ABŞ dolları dəyərində olan “Javelin” TƏİR kompleksləri ABŞ-ın yardım proqramı çərçivəsində Litvaya təhvil verilib.

Litva Milli Müdafiə nazirinin müavini Eimutis Misiunas bildirib ki, Litvanın yaxın on il ərzində 104 milyon ABŞ dolları dəyərində raketlər əldə etməsi planlaşdırılır. Bu məbləğə 2019-cu ilin sonlarında imzalanmış 13 milyon ABŞ dolları məbləğində alış müqaviləsi daxildir.

“ABŞ Litvanın strateji tərəfdaşı və əsas müttəfiqidir. ABŞ tərəfindən təmin edilən “Javelin” tank əleyhinə raket kompleksləri Litva Silahlı Qüvvələrinin döyüş qabiliyyətini və gücünü artıracaq”, – deyə nazir müavini vurğulayıb.

“Javelin” daşınabilən tank əleyhinə raket kompleksi zirehli texnika, həmçinin helikopter və pilotsuz uçuş aparatlarının məhv edilməsi üçün nəzərdə tutulur. “Javelin” kompleksinin çəkisi 22.3 kq, uzunluğu 1.3 metr, çapı 127 mm, atış məsafəsi 2500-4750 metr təşkil edir. 8.4 kq ağırlığında tandem-kumulyativ döyüş başlığına malik raket 600-800 mm qalınlığında zirehi dəlməyi bacarır.

“Javelin” raketi avtomatik tuşlanan infra-qırmızı başlıqla təchiz edilib. “At-unut”, “at-düzəliş et” və “at-yönəlt” rejiminə sahib olan raket buraxıldıqdan sonra atış mövqeyini dəyişə və ya ilk raket havada olarkən növbəti hədəfə atəş etməyə hazırlaşa bilər.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş