ABŞ Ordusu atəş dəqiqliyinin artırılması üçün FWS-CS sistemləri təchiz olunacaq

ABŞ Müdafiə Nazirliyi ilə Britaniyanın “BAE Systems” şirkəti arasında pulemyotçuların və qumbaraatanların atəş dəqiqliyinin artırılmasına yönələn texnoloji layihənin həyata keçirilməsinə dair saziş imzalanıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, sazişə əsasən şirkət ABŞ Ordusunu “Family of Weapon Sights-Crew Served” (FWS-CS) sistemləri ilə təchiz edəcək.

Yeddi il ərzində “BAE Systems” Amerika ordusunu FWS-CS sistemləri ilə təmin edəcək. Sistem “Browning M2” və M240 pulemyotları, o cümlədən MK19 qumbaraatanları üçün nəzərdə tutulub. Sazişin ümumi dəyəri 384 milyon dollardır. Bu məbləğ dəyərində neçə sistemin orduya veriləcəyi isə açıqlanmır.

FWS-CS sistemi silah nişangahından və dəbilqə displeyindən ibarətdir. Nişangah video və optik böyütməli termal kameradan ibarətdir. Bu döyüşçüyə istənilən hava şəraitində və görüntünü məhdudlaşdıran dumanlı vəziyyətdə hədəfi görmək və məhv etməyə imkan verəcək.

Bundan başqa nişangah lazer məsafəölçən və kompyuter sistemi, hədəflə arada olan məsafəni avtomatik müəyyənləşdirən nişangah markeri ilə təchiz olunub.

Dəbilqəyə, döyüşçünün bir gözü istiqamətinə bağlanan displeyə nişangahdan video görüntü canlı olaraq ötürülür.

Naqilsiz bağlantı döyüşçünün atəş zərbələrindən qorunması, lazım gəldikdə kənarda dayanaraq nişangah vasitəsilə ətrafı müşahidə etməsinə də imkan yaradacaq.

Nişangah hədəfi 2200 metr məsafədə məhv etməyə imkan verəcək.

Məlumatda o da qeyd olunub ki, Britaniya şirkəti olan “BAE Systems” FWS-CS layihəsi üzərində işlərə 2014-cü ildən başlayıb. Bu ilin mayında isə ABŞ-ın Fort-Biver hərbi bazasında sınaq testləri həyata keçirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş