ABŞ Ordusu MRAD Mk22 snayper tüfəngləri alır

ABŞ Ordusu MRAD Mk22 snayper tüfəngləri alır

ABŞ Ordusunun (United States Army – US Army) snayperləri yeni tüfənglərlə silahlanacaqlar.

“Poliqon” xəbər verir ki, ABŞ Ordusunun mətbuat xidməti, Müdafiə Nazirliyinin, PSR (Precision Sniper Rifle – yüksək dəqiqlikli snayper tüfəngi) proqramı çərçivəsində, “Barrett Firearms Manufacturing” şirkəti ilə MRAD MK22 snayper tüfənglərinin tədarükü barədə müqavilə imzaladığını açıqlayıb.

Müqavilə əsasında ABŞ Ordusuna 2800 dəst snayper tüfəngi “snayper aksessuarları” dəsti ilə birlikdə təchiz edəcək. “Snayper aksessuarları” dəstinə “Leupold & Stevens Mark 5 HD” nişangahı, eləcə də, .338 Norma Magnum, .300 Norma Magnum və 7.62×51 NATO mm çaplı lülələr daxildir.

“Ordu snayperləri, əməliyyat şəraitindən asılı olaraq lüləni dəyişdirə və zəruri çapı seçə biləcəklər” deyə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

MRAD MK22 (Multi-Rol Adaptive Design Mark 22) çoxməqsədli adaptiv quruluşlu snayper tüfəngi “Barrett Firearms Manufacturing” şirkətinim arsenalındakı ən yeni dəqiq tüfənglərdən biridir. Onların əsas xüsusiyyəti, səhra şəraitində silahın lüləsini tez bir zamanda dəyişdirməklə çapını dəyişdirməyə imkan verən qabiliyyətidir.

MRAD snayper tüfəngi üç modifikasiyada istehsal edilir: FLUTED, MK22 və SMR.

Modifikasiyalar rəngləri, qundağın növləri və əsas aksesuar dəsti ilə bir-birlərindən fərqlənirlər.

İstehsalçı bildirir ki, MRAD tüfənglərinin yeddi fərqli çapda təchiz oluna bilir:

– .338 Lapua Magnum;

– .300 Winchester Magnum;

– .308 Winchester;

– 6.5 Creedmoor;

– .338 Norma Magnum;

– .300 Norma Magnum;

– .300 PRC.

Eyni zamanda şirkətdən bildirilir ki, səhra şəraitində yalnız bir alətdən istifadə edərək lülənin dəyişdirilməsi mümkündür.

Bundan əvvəl Xüsusi Əməliyyat Komandanlığı (USSOCOM) öz snayperləri üçün MRAD MK22 snayper tüfənglərini almışdır.

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş