ABŞ THAAD sistemlərinin sayını artırır

ABŞ daha çox THAAD raket əleyhinə müdafiə sistemləri əldə etməklə xaricdə öz müdafiə imkanlarını artırmağı planlaşdırır.

“AzeriDefence” “Armyrecognition”a istinadən xəbər verir ki, Pentaqon gələn il əlavə 82 THAAD sistemi almağı planlaşdırır. Hazırda ABŞ-ın Cənubi Koreyada yeddi THAAD raket əleyhinə müdafiə sistemi var.

686 milyardlıq hərbi büdcəsi olan ABŞ, daha çox raket potensialının artırılmasına diqqət yetirir. ABŞ-la Şimali Koreya arasında davam edən münaqişə ABŞ-ı daha da müdafiə gücünü artırmağa vadar edir. Məhz bu səbəbdən ABŞ 2017-ci ildə THAAD sistemlərini Cənubi Koreyada yerləşdirib. Bu qərar isə ölkə əhalisi (Cənubi Koreya) və Çin tərəfindən tənqidlə qarşılanıb.

Xatırladaq ki, 2017-2018-ci illər ərzində ABŞ hökuməti THAAD (Terminal High Altitude Area Defense) raket əleyhinə müdafiə sistemləri üçün 1.28 milyard dollar məbləğində raket sifarişi verib. Sınaqlar zamanı THAAD 200-dən çox raketin qarşısını alaraq test mərhələsini müvəffəqiyyətlə başa vurub. THAAD hərbi obyektlərin müdafiəsindən tutmuş, əhəmiyyətli hərbi məntəqələrin yaxın və orta mənzilli ballistik raketlərdən müdafiə edən sistemdir. THAAD kompleksi hədəfi mərmi başlıqlar vasitəsilə deyil, birbaşa toqquşma ilə məhv edir ki, bu da onun effektivliyini artırır. Hərəkət məsafəsi 200 km olan bu sistem 150 km hündürlükdə hədəfi vurmağa qadirdir.

Qeyd edək ki, THAAD sistemi 90-cı illərdə “Lockheed Martin” korporasiyası tərəfindən hazırlanıb. Raket komplekslərinin seriyalı istehsalatına isə 2006-ci ildən başlanılıb. Hazırda THAAD kompleksləri ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Koreya ordusunun istifadəsindədir. Yaponiya və Səudiyyə Ərəbistanında onların yerləşdirməsi isə planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş