ABŞ yeni universal döyüş helikopterinin təqdimatını keçirib
ABŞ-ın “Lockheed Martin” şirkətinin istehsalı olan S-97 “Raider” helikopterinin təqdimatı keçirilib.
“AzeriDefence”nin “defensetech.org”a istinadən verdiyi məlumatına görə, helikopterin istehsalı ABŞ Müdafiə Nazirliyinin“Yeni helikopter platformasının (Future Vertical Lift, FVL) yaradılması proqramı” çərçivəsində reallaşıb.
Sələflərini sürətinə görə üstələyən S-97 təkanlı vintin sayəsində qısa zamanda 400 km/saatdan yuxarı sürət yığa və 600-dən çox kilometr məsafəni qət edə bilir.
S-97 “Raider”in ilk təqdimatı 2014-cü ildə olub. Artıq “Raider”in zavod sınaqları yekunlaşıb.
Maşın iki pilotdan əlavə 8 nəfərlik heyəti daşımaq imkanına malikdir. Uçuş tavanı 3 min metr olan S-97 digərlərindən qismən səssiz olması ilə də fərqlənir.
“Reider” yüksək manevr qabiliyyətinə, kəşfiyyat, axtarış-xilasetmə və digər məqsədlər üçün istifadə oluna bilər. Helikopterin özəlliyindən biri də maşının pilotsuz uçuş həyata keçirmək imkanına malik olmasıdır.