ADEX-2016: Sərgidə 25 rəsmi nümayəndə heyəti, 34 ölkədən isə 216 şirkət iştirak edəcək – FOTOLAR

Bu gün sentyabrın 27-30-u tarixlərində Bakıda keçiriləcək 2-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi – ADEX-2016 ilə bağlı mətbuat konfransı keçirilib.

“AzeriDefence”in məlumatına görə, Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirib ki, sərgi Bakı Sərgi Mərkəzində keçiriləcək və burada müasir silah və texnikanın, eləcə də milli müdafiə kompleksinin imkanları nümayiş olunacaq.

O, sərgiyə hazırlıq işlərinin yekunlaşdığını da qeyd edib:

“Sərginin təşəbbüskarı Müdafiə Sənayesi Nazirliyidir. Müdafiə Nazirliyi isə sərgiyə dəstək göstərir. ADEX-in təşkilati tərəfdaşı qismində “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir. Bu il ADEX-2016 sərgisini nazir, hərbi idarə rəhbərlərinin başçılıq etdiyi 25 rəsmi nümayəndə heyəti, Türkiyə, Rusiya, İsrail, Pakistan, İran və digər ölkələrin müvafiq strukturlarının nümayəndələri ziyarət edəcək. Nümayəndə heyətlərini ADEX sərgisinə ilk dəfə göndərən ölkələr arasında Bolqarıstan, Bosniya və Herseqovina və Serbiya yer alır”

Y.Musayevin sözlərinə görə, beynəlxalq nümayəndə heyətləri və şirkətlər tərəfindən ADEX sərgisinə göstərilən maraq Azərbaycanın regionda mühüm strateji tərəfdaş kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq edir: “Bu il ADEX sərgisində dünyanın 34 ölkəsini təmsil edən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak edir”.

Nazir müavini əlavə edib ki, sərgiyə giriş sentyabrın 27-29-da hərbi və müdafiə sənayesi, habelə əlaqədar sənaye sahələrinin mütəxəssisləri, eləcə də ali hərbi məktəblərin tələbələri üçün açıq olacaq. Sentyabrın 30-da isə kommersiya stukturlarında fəaliyyət göstərən şəxslər öz şəxsiyyət vəsiqələrini təqdim etməklə sərgidə iştirak edə biləcəklər. Bütün ziyarətçilər veb-saytda qeydiyyatdan keçməlidirlər.

“Caspian Event Organisers” şirkətinin direktoru Bəhruz Hidayətzadə ADEX-in artıq regionun ən genişmiqyaslı sərgisinə çevrildiyini söyləyib:

“Sərgiyə mətbuat nümayəndələri də böyük maraq göstərirlər, belə ki, sərginin informasiya dəstəyi 56 aparıcı ixtisaslaşmış jurnal, veb-sayt və informasiya agentlikləri tərəfindən təmin olunacaq. Ümumilikdə sərgidə 100-dən artıq mətbuat nümayəndəsi qeydiyyatdan keçib. Tədbirin baş informasiya tərəfdaşı Böyük Britaniyanın “IHS Jane`s Defence Weekly” dərgisidir. Sərginin “onlayn” gündəliyi vəzifəsini Belçikanın “Army Recognition” yurnalı yerinə yetirir. “Azeri Defence” jurnalı isə sərginin informasiya tərəfdaşı qismində çıxış edir”.

Sərginin meneceri Ülkər Qasımova iştirakçıların coğrafiyası haqda məlumat verib. Onun sözlərinə görə, sərgidə ilk dəfə olaraq Latviya, Monteneqro, Xorvatiya, Çexiya və Estoniya kimi ölkələr də iştirak edəcək. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərgi coğrafiyası 44 ölkəni əhatə edir.

Ü. Qasımova deyib ki, bu sərgi ötən dəfəkindən bir qədər artıq ərazini əhatə edəcək. Sərgidə ərazi baxımından 10 faizlik artım müşahidə olunur:

“Sərgidə aparıcı şirkətlərini təqdim edən 10 ölkə – Azərbaycan, Belarus, İsrail, Çin, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Fransa və Çexiya milli pavilyonları ilə çıxış edir. Şirkətlərin sayına görə ən böyük pavilyonlar Türkiyə – 42 şirkətlə, İsrail – 14 şirkətlə və Rusiya – 14 şirkətlə ilk yerləri tuturlar. “ASELSAN”, CETC, “Damen”, MBDA, NORINCO, IAI, ROKETSAN, “Rosoboronexport”, “Thales” və digər şirkətlər hərbi texnikanın nümayişi ilə çıxış edəcək. İştirakçıların 58 faizi birinci ADEX sərgisində də təmsil olunublar”.

Ü. Qasımova ADEX-2016 sərgisinin qeydiyyat sponsoru qismində Türkiyənin Müdafiə Sənayesi Katibliyinin çıxış etdiyini də deyib.

O əlavə edib ki, ADEX-də təqdimat, sənaye nazirlikləri, istehsalçı şirkətlər və sifarişçilər arasında çoxsaylı ikitərəfli görüşlər keçiriləcək. Həmçinin, sentyabrın 28-29-da sərgi çərçivəsində “Ərazilərin minadan təmizlənməsi üzrə sistem və texnolagiyaların inkişaf perspektivləri, bu sahədə fəaliyyət göstərən şirkətlərin iştirakı və rolu”, “Pilotsuz uçuş aparatları sahəsində müasir texnolagiya və innovasiyalar” və “Hava hücumundan müdafiə (HHM) sahəsində müasir metod və sistemlər” mövzularına həsr olunmuş seminarlar keçirələcək.

_DSC0029

_DSC0032

_DSC0034

_DSC0037

_DSC0039

KATEQORIYA:
Bu xəbəri paylaş