ADEX sərgisi Fransada keçirilən “Eurosatory 2016” sərgisində iştirak edib

Cari ilin 13-17 iyun tarixində Azərbaycan Beynəlxalq Müdafiə ADEX sərgisi bütün dünyada quru qoşunları və hava hücumundan müdafiə vasitələri və təhlükəsizlik texnologiyaları üzrə ən böyük beynəlxalq sərgilərdən biri olan və Fransanın Paris şəhərində keçirilən “Eurosatory” sərgisində iştirak edib.

Beləliklə, ADEX sərgisinin təşkilatçısı – “Caspian Event Organisers” (CEO) şirkəti “Eurosatory” sərgisinin keçirildiyi illər ərzində bu tədbirdə iştirak etmiş ilk Azərbaycan şirkəti oldu.

ADEX sərgisinin meneceri Ülkər Qasımova öz təəssüratlarını bölüşərək, bunları bildirdi: – “Mən böyük qürur hiss ilə deyə bilərəm ki, “Eurosatory” sərgisində debütümüz uğurlu oldu. Tədbirdə iştirakçı ölkələrin bayraqları arasında Azərbaycanın da dalğalanan bayrağını görmək kollektivimizi çox sevindirdi. Sərginin ziyarətçiləri həm Azərbaycana, həm də bilavasitə ADEX sərgisinə böyük maraq göstərirdilər. Biz Azərbaycanda keçirilən sərgidə iştirak ilə bağlı bir sıra faydalı görüşlər keçirərək müvafiq danışıqlar apardıq, belə ki, gün ərzində 15-20 görüş keçirilirdi və sərginin broşürlərinə böyük tələbat vardı. Həmçinin, biz həmin tədbirdə ADEX- 2014 sərgisinin iştirakçıları ilə yanaşı, bu il Bakıda keçiriləcək sərgiyə gəlmək üçün fəal hazırlıq görən eksponentlərlə də görüşlər keçirdik. İndi isə biz 27-30 sentyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək ADEX-2016 sərgisində “Eurosatory” sərgisinin stendini qəbul edəcəyik”.

“Eurosatory” sərgisi yalnız təhlükəsizlik və müdafiə məsələlərini işıqlandıran bir tədbirdir və 1967-ci ildən bəri Fransa Müdafiə Nazirliyinin himayədarlığı ilə hər iki ildən bir keçirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş