ALTAYın testləri başlayır

Sərdar GÖRGÜÇ: “ALTAY hərəkət qabiliyyəti, zirehi və yüksək atəş dəqiqliyi ilə analoqlarından fərqlənəcək”Türkiyənin ilk milli tankı olan “Altay” yayın sonlarında ictimaiyyətə təqdim olunacaq. “AzeriDefence”nin “Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, hazırda Otokar şirkətinin zavodunda tankın yığılmasına başlanıb.

Layihə çərçivəsində yay aylarının sonunda “Altay”ın MTR adlanan hərəkət qabiliyyəti test olunacaq və tank ictimaiyyətə təqdim ediləcək. 2013-cü ilin başlanğıcında FTR – yəni atış testləri həyata keçiriləcək. 2014-cü ildə isə iki əsas prototip istehsal olunacaq.

“Otokar” şirkətinin baş direktoru Sərdar Görgüçün sözlərinə görə, yaxın vaxtlarda Türkiyə ictimaiyyəti ilk milli tankla tanış olacaq. Türkiyə Silahlı Qüvvələrinin müdafiə strategiyasına uyğun hazırlanmış “Altay” tamamlandığında dünyanın bir nömrəli tankı olacaq. Tank hərəkət qabiliyyəti, zirehi və yüksək atəş dəqiqliyi ilə analoqlarından fərqlənəcək.

Bundan sonra, 2017-ci ildə TSK-nın sifarişi üzrə 250 ədəd tankın seriyalı istehsalına başlanacaq. Layihəyə texniki dəstəyi Cənubi Koreyanın “Rotem” şirkəti göstərəcək. Tankın müxtəlif sistemlərinin hazırlanmasında “Otokar”la yanaşı ASELSAN, MKEK, ROKETSAN kimi firmalar iştirak edir.

“Döyüş meydanında bir tankın uğurlu olması üçün üç şərt müəyyənləşdirilib. Bunlar müdafiəsi, hərəkət qabiliyyəti və atış gücüdür. “Altay” bütün bunları ən yüksək səviyyədə gerçəkləşdirəcək. Çağdaşlarından bir nəsil öndə olacaq”, – deyə şirkət rəhbəri vurğulayıb.

S. Görgüç indidən bir çox ölkənin “Altay”la maraqlandığını qeyd edib.

KATEQORIYA:
Bu xəbəri paylaş