Amerika PUA-larının rəqibi – “Wing Loong”

Amerika PUA-larının rəqibi – “Wing Loong”

Zərbə pilotsuz uçuş aparatları bazarında Çin şirkətlərinin 2010-cu ildən aktivliyi və böyük həcmli ixracat layihələri reallaşdırması müşahidə edilməkdədir. Xüsusilə Amerika istehsalı pilotsuz uçuş aparatlarının (PUA) birəbir surətini çıxaran Çin şirkətləri bu PUA-ları daha ucuz qiymətə yeni istifadəçilərə satmaqla qısa zamanda ixracat coğrafiyasını genişləndirməyə nail olmuşdur.

2010-cu ildən başlayaraq Çin aviasiya sənayesi şirkətləri tərəfindən yaradılmış “Wing Loong I”, “Wing Loong II”, ASN-209, CH-3, CH-4, WJ-600 kimi zərbə PUA-ları Misir, Pakistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İraq, İordaniya, Myanma, Serbiya, Efiopiya, Zambiya, Nigeriya, Türkmənistan, İndoneziya, Özbəkistan və Banqladeş daxil olmaqla, 20-yə yaxın orduda xidmət edir.

Çin aviasiya sənayesinin mühüm nailiyyətlərindən sayılan “Wing Loong I” (“Pterodactyl”/“Əjdaha qanadı”) çoxməqsədli pilotsuz uçuş aparatı MALE (Medium-Altitude Long-Endurance) sinfinə aiddir. Qısa müddətdə çox sayda sifarişləri ilə dünya rekorduna imza atan “Wing Loong”un yaradılmasına 2005-ci ildə AVİC aviasiya koprorasiyasına daxil olan CADİ Aviasiya Elmi Tədqiqat İnstitutunda başlanıb.

“Wing Loong” proqramı çərçivəsində “Pterosaur I” adlı nümunənin yaradılmasına 2005-ci ilin may ayında başlanıb. 2007-ci ilin oktyabrında PUA-nın test uçuşları, 2008-ci ilin oktyabrında isə faydalı yük qiymətləndirmə uçuşu başa çatdırılıb. “Wing Loong”un bu ilk modelində peyk antenası mövcud deyil və bu da PUA-nın maksimum nəzarət zonasının 200 kilometrədək azalmasına səbəb olub. “Pterodactyl I” (“Wing Loong I”) modeli ortaya çıxdıqdan sonra sözügedən model satışa təqdim edilmir. Bununla belə, “Pterosaur I” potensial müştərilərin istəyi ilə daha ucuz bir alternativ kimi mövcuddur.

Qazaxıstanın silahlanmasında yer alan “Wing Loong” PUA-lar paytaxt Nur-Sultan (keçmiş Astana) şəhərində keçirilən hərbi paradda

“Wing Loong” seriyasının ikinci üzvü “Pterodactyl I” (“Wing Loong I”)  sələfi “Pterosaur I”dən peyk antenası və füzelyajın burun hissəsinin şişkin dizaynı ilə fərqlənir. Bu, “Wing Loong”un ən geniş yayılmış və fəal şəkildə satılan versiyasıdır. Bu barədə aşağıda geniş məlumat veriləcəkdir.

“Wing Loong” əsasında NORİNCO şirkəti tərəfindən ixrac üçün hazırlanmış “Sky Saker” miniyatür sintetik aperture radarını və elektro-optik bölməni daşıyır. NORİNCO mütəxəssislərinin sözlərinə görə, PUA kəşfiyyat məqsədi ilə istifadə edildikdə silah daşımır. Silahlı versiyada isə kəşfiyyat avadanlıqları mövcud deyil.

WJ-1 adlanan nümunə “Pterodactyl I”in ilk hücum versiyası sayılır.  2014-cü ilin noyabr ayında WJ-1 və GJ-1 modifikasiyası ilk dəfə “Airshow China-2014” sərgisində təqdim olunub. Qeyd edək ki, GJ-1 özündə “Pterodactyl I” və WJ-1 PUA-ların imkanlarını birləşdirir. GJ-1 həm də “Pterodactyl I” və WJ-1-də füzelyajın alt hissəsindəki kəşfiyyat avadanlıqlarına və silah daşıma bölmələrinə görə fərqlənir.

İstehsalçı müəssisə rəsmiləri iddia edirlər ki, “Wing Loong” ailəsinə daxil olan PUA-lar öz imkanlarına və qiymətlərinə görə hazırda dünya bazarında rəqabət aparır. Xüsusilə də onlar ABŞ istehsalı olan zərbə PUA-larının əsas rəqibi hesab olunur. “Wing Loong I” PUA özündə ABŞ istehsalı olan iki məşhur PUA-nın ən yaxşı xüsusiyyətlərini birləşdirir. “Wing Loong I” zahirən Amerikanın MQ-1 “Predator” və MQ-9 “Reaper” PUA-larını xatırlatsa da, AVİC rəsmiləri aparatın ABŞ-ın adıçəkilən PUA-larının surəti olmadığını, tamamilə müstəqil hazırlama olduğunu açıqlayıblar. “Reuters” agentliyinin məlumatına görə, “Wing Loong I” PUA-nın qiyməti 1 milyon ABŞ dolları təşkil edir. Bu da MQ-1 “Predator” və MQ-9 “Reaper”lə müqayisədə 30 dəfə ucuz deməkdir.

“Wing Loong I” böyük füzelyaj və uzun qanadları ilə fərqlənir. PUA-nın füzelyajının uzunluğu 9.05 metr, hündürlüyü 2.77 m, qanad açıqlığı 14 m, maksimum ağırlığı 1100 kq-dır. PUA-nın idarəetmə qurğuları, o cümlədən uçuşa nəzarət kompüteri burun hissədə – güclü müqavimət sipərinin daxilində yerləşir. Burun hissənin alt bölməsində elektro-optik müşahidə qurğusu yer alıb. Avionika dəstinin ağırlığı 100 kiloqram təşkil edir. PUA-nın quyruq hissəsi V formasında dizayn edilib. Mühərrik füzelyajın arxa hissəsindədir. “Wing Loong”un şassisinin altında uçuş zamanı füzelyaj daxilinə yığılan, eniş zamanı isə açılan 3 təkər dayağı mövcuddur.

20 saat uçuş müddətinə malik “Wing Loong I” PUA-nın uçuş uzaqlığı 4000 km, sürəti 280 km/saat, praktiki uçuş hündürlüyü 5000 metr təşkil edir.

Yeni modifikasiya – “Wing Loong I-D”

Cari ilin noyabr ayında keçirilən “Airsow China-2018” aviasiya sərgisində AVİC şirkəti “Wing Loong I” PUA-nın yeni modifikasiyası sayılan “Wing Loong I-D” PUA-nı ilk dəfə nümayiş etdirib. AVİC rəsmilərinin sözlərinə görə, “Wing Loong I-D” təkmilləşdirilmiş aerodinamikaya və mühərrikə, daha çox uçuş çəkisinə, uçuş tavanına və dözümlülüyə malikdir. Digər yeniliklər daxili və xarici avadanlıqlar, eləcə də kommunikasiya avadanlıqları ilə bağlıdır. Xarici dizayn baxımından “Wing Loong”un birinci nəslinə çox oxşayan “Wing Loong I-D” PUA-nın uzunluğu 8.7 m, qanad açıqlığı 17.6 m təşkil edir. Qabaritlərdən göründüyü qədər, yeni modifikasiyada füzelyajın uzunluğu azaldılıb, qanad açıqlığı isə artırılıb. V quyruq dizaynına malik PUA-nın gövdəsi altında burun hissədə bir, gövdə altında iki təkər mövcuddur. Bir ədəd pistonlu mühərriklə təchiz edilmiş “Wing Loong I-D” 7500 metr uçuş tavanına, 280 km/saat sürətə və 35 saatlıq əməliyyat dayanıqlılığına sahibdir.

Sələfində olduğu kimi, aparatın korpusunun yuxarı hissəsində peyk rabitə antenası yerləşir və PUA ilə yerüstü nəzarət stansiyası arasında əlaqəsini həyata keçirir.

“Wing Loong II”

“Wing Loong” aliləsinin davamı olan “Wing Loong II” konsepsiyası ilk dəfə 2015-ci ildə “Airshow China” sərgisində, daha sonra 2016-cı ildə Paris aviaşousunda maket halında Avropada ilk dəfə təqdim olunub.

Misir HHQ-nə məxsus “Wing Loong” PUA

İlk uçuşunu 2017-ci ilin fevral ayında həyata keçirmiş “Wing Loong II” PUA-nın sələfi “Wing Loong I” ilə müqayisədə optimallaşdırılmış aerodinamik dizayna malik olduğu və müasir uçuş nəzarət sistemləri ilə təchiz edildiyi bildirilir. “Wing Loong II” 2018-ci ilin noyabr ayında GJ-2 “Gongji-2” adı ilə rəsmən Çin Xalq Azadıq Ordusunda xidmətə daxil edilib.

“Wing Loong II” pilotsuz uçuş aparatı “Wing Loong I” modifikasiyasından böyük çəkisinə və qabaritlərinə görə fərqlənir. Çəkisi 4200 kq təşkil edən “Wing Loong II”nin qanad açıqlığı 20.5 metr, füzelyajın uzunluğu 11 metr, hündürlüyü 4,1 metr, uçuş tavanı 9900 metr, maksimal uçuş müddəti 32 saat, sürəti 340 km/saat, LOS link məsafəsi 200 km təşkil edir. Bəzi məlumatlara görə, PUA 100 at gücündə mühərrikə sahibdir. 200 kiloqramadək faydalı yük daşıya bilən “Wing Loong II” SAR radarı (sintetik aperture radar), lazer işıqlandırıcı, müasir FLIR kamera, eləcə də radioelektron mübarizə sistemi ilə təchiz olunub. PUA zərbə funksiyasından əlavə olaraq, kəşfiyyat məlumatlarının toplanması, müşahidə, radioelektron mübarizə, axtarış-xilasetmə əməliyyatları üçün istifadə oluna bilər.

İlk uçuşunun ardınca Çin “Wing Loong II” PUA üçün adı açıqlanmayan xarici dövlətdən birinci sifarişi aldığını açıqlayıb. Bu Çinin tarixində PUA seqmentində ən böyük ixracat müqaviləsi kimi dəyərləndirilir. Bir sıra mənbələrin fərziyyəsinə görə, “Wing Loong II” modifikasiyasının ilk sifarişçisi Səudiyyə Ərəbistanıdır.

Silahlanması

“Wing Loong I” tipli PUA-ların silahlanlanmasına əsasən Çin istehsalı olan müxtəlif təyinatlı idarə olunan və olunmayan aviasiya bombaları daxil edilib. CADI tərəfindən açıqlanan rəsmi marketinq materialına əsasən, üzərindəki mövcud olan 4 asmada pilotsuz uçuş aparatı BA-7 “hava-yer” döyüş sursatları, YZ-212 lazerlə idarə edilən bomba, YZ-102A bombalar və 50 kiloqram LS-6 miniatür bomba daşıyır. Ümumilikdə, pilotsuz uçuş aparatı FT PGB tipli idarə olunan bombalardan istifadə edir. əməliyyat tapşırığından asılı olaraq, PUA-nı 25 kiloqramlıq FT-10 və 50 kq-lıq FT-9 kiçik aviasiya bombaları, 130 kiloqramlıq FT-7, həmçinin GB-7, GB-4 bombaları, AKD-10 və BRM-1 “hava-yer” tipli raketləri ilə yükləmək olar.

“Wing Loong II” qanad altındakı 6 asma nöqtəsi mövcuddur. PUA-nın sərgidə nümayiş etdirilən nümunəsi “Lan Jian 7” (Blue Arrow 7) lazerlə idarə olunan hava səth raketləri, TG100 lazer / INS / GPS yönləndirməli bomba və AR-1 /HJ-10 tank əleyhinə raketlə silahlandırılıb. Istehsalçı müəssisə rəsmilərinin sözlərinə görə, “Wing Loong 2” pilotsuz uçuş aparatı 400 kiloqrama qədər yük daşıyır.

Operatorlar

Qiymətinin ABŞ və İsrail analoqlarına nisbətən çox ucuz olması, geniş silah çeşidi “Wing Loong” PUA-larının qısa müddətdə populyarlaşmasına səbəb olmuşdur. Açıq mənbələrdə yer alan məlumatlara görə, bu günədək “Wing Loong I” və “Wing Loong II” modifikasiyaları üzrə ümumilikdə 250-dək PUA istehsal edilib. Bunun əhəmiyyətli hissəsi Çin Xalq Ordusunda GJ-1 “Gongji-1” adı ilə xidmətdədir.

Hazırda “Wing Loong I” və “Wing Loong II” PUA-ları Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Misir, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Əlcəzair, Nigeriya, Pakistan və Serbiyanın silahlanmasına daxildir. 2017-ci ildə İndoneziya Çinə 4 ədəd “Wing Loong I” sifariş verib. Müqaviləyə uyğun olaraq, İndoneziya bu PUA-ları 2018-ci ildə silahlanmaya qəbul etməliydi. “Wing Loong I”in ilk xarici operatoru olan BƏƏ bunun davamı olaraq, 2017-ci ilin fevral ayında “Wing Loong II” üçün də açıqlanmayan sayda sifariş vermişdir.

Cari ilin oktyabr ayının 6-da Pakistan Aeronautical Complex (PAC) təşkilatı Çhengdu Aviasiya Korporasiyası (CAC) ilə birgə Pakistanda 48 ədəd “Wing Loong II” PUA-nın istehsalına başlayacağını açıqlayıb. Qeyd edək ki, 2017-ci ilin noyabr ayında Pakistanın Pəncab əyalətində yerləşən Mianuali rayonunda yerləşən aviasiya bazasının anqarı qarşısında bir ədəd “Wing Loong I” PUA-nın dayanması peyk görüntüləri ilə müəyyən edilmişdi.

AVİC nümayəndələrinin açıqlamalarından bəlli olduğu qədər hazırda Türkmənistan, İraq və bir neçə Yaxın Şərq ölkəsi “Wing Loong” PUA-nın əldə edilməsinə maraq ifadə edib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş