ANAMA ötən gün 4 rayonda partlamamış hərbi sursat zərərsizləşdirib – FOTO

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlamamış hərbi sursatların zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA-nın digər aidiyyati qurumlarla birgə keçirdiyi əməliyyat tədbirləri çərçivəsində avqustun 31-də hərbi hissənin ətrafına, 12 evin həyatyanı sahəsinə, 1 su stansiyasının yaxınlığına, 1 ferma ərazisinə, 2 otlaq sahəsinə və eko-turizmin həyətinə baxış keçirilib.

Baxış zamanı 45 ədəd partlamamış hərbi sursat (PHS), 12 ədəd partlamış-yanmış raketin qalıqları, 108 kq yandırma aşkar olunaraq götürülüb, nəticə etibarilə 547 800 kv.m (54.78 ha) əraziyə yoxlanılıb. Ümumilikdə 5 gün ərzində 5 408 915 kv. m (540.9 ha) ərazi yoxlanılıb, 295 ədəd partlamamış hərbi sursat, 336 ədəd partlamış-yanmış sursat qalıqları və 457 kq yandırma aşkar olunaraq götürülüb. Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Stalçay və Şurabad kəndləri ərazisində 2 318 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Bundan başqa Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya daxil olan məlumat əsasında Agentliyin mütəxəssisləri avqustun 31-də Qazax rayonu, Cəfərli kəndi ərazisində otlaq sahəsinə baxış keçirib. Baxış zamanı 1 ədəd 85 mm-lik top mərmisi (BR-365) aşkar edilib, daşınması mümkün olduğuna görə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınıb.

Avqustun 31-də ANAMA-ya daxil olan başqa bir məlumatda Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi ərazisində minaatan mərmisinin olduğu bildirilib. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən Aşıq Qurban küçəsi 25 ünvanınada aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) aşkar olunub və götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Ötən gün ANAMA-ya daxil olan digər məlumatda Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov küçəsindəki həyətyanı sahədə mərmi olması bildirilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə yerləşən 4№-li binanın həyətinə baxış keçirilən zaman 1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) aşkar olunub və  mərmi götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


 

KATEQORIYA:
Bu xəbəri paylaş