ANAMA bölgənin minatəmizləmə mərkəzinə çevrilir

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin(ANAMA) direktoru Nazim İsmayılovun AZERİ DEFENCE jurnalına müsahibəsi- Nazim müəllim, söhbətimizə bir qədər keçmişə qayıdaraq başlamaq istərdik. ANAMA-nın yaradılması hansı zərurətdən meydana gəldi?

– Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanla yaşanmış hərbi münaqişə Azərbaycanın qarşısına bir çox ciddi problemlər çıxardı. Həmin problemlərdən biri də döyüşlər zamanı böyük ərazilərin minalanması və partlamamış hərbi sursatlarla (PHS) çirklənməsidir. Bizdə olan statistikaya görə 1990-cı illərin əvvəllərindən 2008-ci ilədək respublikada təxminən 2700 nəfər minadan zərər çəkib. Onlardan 500 nəfər dünyasını dəyişib. Mina və PHS təhlükəsi ərazilərin sosial – iqtisadi inkişafına mane olan əsas amillərdəndir.
Qeyd olunan problemin aradan qaldırılması üçün ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanmış sərəncamla ANAMA yaradıldı. İlk iki il ərzində təşkilati məsələlər həll olundu. O vaxt Azərbaycanda humanitar minatəmizləmə ilə bağlı təcrübə olmadığından Hökumət prosesə BMT İnkişaf Proqramını (BMT İP) cəlb etdi. Xarici məsləhətçilərin köməyi ilə 27 nəfərlik birinci minaaxtaran qrup yaradıldı və 2001-ci ildə ANAMA tərəfindən əməliyyatlara start verildi. 2001-ci ildə Hökumət bizə qısa müddətdə milli potensialın yaradılmasını və bütün əməliyyatları öz üzərimizə götürməyi tapşırdı. Biz bunu 2005-ci ilədək yerinə yetirdik. Ondan sonra ANAMA-da çalışan xarici məsləhətçilər Azərbaycanı tərk etdilər. 2005-ci ildən ANAMA tam şəkildə, heç bir xarici mütəxəssisin iştirakı olmadan sərbəst işləyir.
Bu gün Azərbaycanda həyata keçirilən minatəmizləmə əməliyyatlarına ayrılan vəsaitin 90%-i Azərbaycan Hökumətinin, 10%-i isə xarici donorların payına düşür. Müxtəlif layihələr üzrə ABŞ Dövlət Departamenti, NATO, BMT İP və s. təşkilatlarla əməkdaşlıq edirik. Hazırda ANAMA-da çalışan 600 nəfərdən 500-ü sırf mina əməliyyatları ilə məşğul olur. Mövcud potensialımız bizə ildə 22-24 milyon kvadratmetr ərazini mina və PHS-dən təmizləməyə imkan verir. ANAMA tərəfindən təmizlənən bütün ərazilərə sertifikat verilir. Hazırda ANAMA-nın təmizlədiyi bütün ərazilər istifadə olunur ki, bu minatəmizləmə əməliyyatları üçün ən gözəl nəticədir.
Fəaliyyətimizin digər istiqaməti Azərbaycana Sovet Ordusundan qalan partladılmış hərbi bazaların ləğvi, mina və PHS təhlükəsinin mövcud olduğu poliqonların təmizlənməsidir. Bu sahədə bir sıra layihələr reallaşdırmışıq.

– Sovet Ordusunun partladılmış Saloğlu hərbi bazasının ləğv edilməsi, oradakı sursatların utilizasiyası ilə bağlı ANAMA 2005 – 2011-ci illərdə NATO ilə böyük bir layihə reallaşdırdı. Adıçəkilən layihənin icrası ANAMA-ya hansı imkanları qazandırdı?

– NATO tərəfindən Ukrayna, Moldava və Gürcüstanda köhnə sursatların utilizasiyası və partlamış hərbi bazaların ləğvi ilə bağlı müxtəlif proqramlar həyata keçirilib. Belə mühüm layihələrdən biri də Azərbaycanda Saloğlu bazasının ləğv edilməsi idi. Sovet Ordusu Azərbaycanı tərk edərkən Saloğluda partladılmış 140 depodan ətrafa yüz minlərlə döyüş sursatları səpələnmişdi. Sonradan bu sursatların partlaması nəticəsində mülki əhali arasında itkilər olmuşdu. NATO layihəyə dəstəyini elan etdikdən sonra, ilk 5 ay ərzində NATO və EUCOM mütəxəssislərinin köməyi ilə, orada çalışacaq 25 nəfərlik qrupu formalaşdırdıq. 2005-ci ilin sonlarından Saloğluda əməliyyatlara start verildi. Əməliyyatlar nəticəsində hərbi bazanın partlamış depolarından və ətraf ərazilərdən 240 növdə 600 mindən artıq, o cümlədən tərkibində ağ fosfor olan sursatlar tapılaraq zərərsizləşdirildi. Məhz bu layihənin uğurla reallaşmasından sonra, NATO Ceyrançöl hərbi poliqonun 60 milyon kvadrat metrlik ərazisinin təmizlənməsi layihəsinə dəstək verdi. Ərazidə işlərə 2012-ci ildə başladıq. Birinci mərhələnin bitməsinə il yarım zaman qalmasına baxmayaraq, bu yaxınlarda layihə NATO-nun Hərbi Siyasi Komitəsində müzakirə olundu. İndidən ikinci mərhələyə dəstək verilməsinə razılıq bildirildi. İkinci faza 2014-cü ilin ortalarında başlayacaq və 1 il 9 ay davam edəcək. İki illik üçüncü mərhələ isə 2018-ci ildə başa çatdırılacaq. Deyə bilərəm ki, Azərbaycanda həyata keçirdiyimiz bu layihələr birinci növbədə təcrübəli mütəxəssis potensialı formalaşdırmağımıza imkan verdi. ANAMA Azərbaycanda bu işləri görə-görə, Türkiyədə əməliyyatlara da cəlb olundu. Diyarbəkir hava limanının genişləndirilməsi üçün ayrılan ərazini, eləcə də ROKETSAN şirkətinin Konya vilayətindəki poliqonunu təmizlədik. Eyni zamanda NATO-nun tenderini qazanaraq Gürcüstan Müdafiə Nazirliyinin zabitlərinə təlimlər keçdik. Doqquz ay ANAMA – nın Göygöl Təlim Bazasında və 3 ay Gürcüstanda davam edən təlimlərdə Gürcüstan Ordusunun 63 zabiti iştirak etdi. Eyni qaydada hazırda Əfqanıstanla da çalışırıq.

– Hazırda ANAMA tərəfindən Güzdək sursat bazasının ərazisində aparılan əməliyyatlar nə vaxt başa çatacaq?

– Bakının 35 kilometrliyində yerləşən Güzdək bazasında 40-a yaxın, o cümlədən maqnit minaların, müxtəlif diversiya və terror əməliyyatlarında istifadə olunan C4 adlı plastik partlayıcıların, distans idarə olunan partlayıcıların toplandığı xüsusi anbarlar vardı. Əməliyyatlar zamanı biz orada Azərbaycanın heç bir yerində rastlaşmadığımız döyüş sursatlarına rast gəldik. Hətta sursatların ərəb dilində yazılmış sənədləri də tapıldı. Güzdək layihəsi 2009-cu ildə başlanıb və ümid edirəm ki, gələn il əməliyyatları başa çatdıracağıq. Cari mərhələdə partlayışlar zamanı torpağın altında qalmış anbarlar açılaraq zərərsizləşdirilir. Ərazinin heç bir xəritəsi, planı mövcud deyil. Bununla paralel olaraq, may ayında keçmiş Sovet Ordusundan qalma Sitalçay poliqonunda da işlərə başlamaq niyyətindəyik.

– ANAMA bu gün dünyada humanitar minatəmizləmə sahəsində təlim və treninqlər keçən azsaylı təşkilatlardan biridir. Agentliyin bu sahədə imkan və qabiliyyətləri barədə nələri söyləyə bilərsiniz?

– Bu gün ANAMA-nın Təlim, Tədqiqat və Keyfiyyətə Təminat Qurumunda 12 təlimçi çalışır. Təlimlərdə D-MİNE tipli simulyatorlardan, müasir avadanlıqlarından istifadə olunur. Hazırda ANAMA tərəfindən 20 müxtəlif təlim kursu təklif edilir. İndiyədək bizim kurslarımızdan Əfqanıstan, Tacikistan, Türkiyə, İordaniya və digər ölkələrin müvafiq qurumları yararlanıblar. Bəzi ölkələr və təşkilatlar isə ANAMA-nın bazalarında birgə təlimlər keçirməyi təklif edirlər. 2012-ci ildə GİCHD ilə birgə 8 ölkədən mütəxəssislər üçün beynəlxalq təlim təşkil etdik. Cari ilin avqust ayında Gögöl Təlim Bazasında GİCHD ilə birgə, Afrika ölkələrindən 22 mütəxəssis üçün təlim planlaşdırılır. Düşünürəm ki, Türkiyə-Suriya sərhədinin minalardan təmizlənməsi layihəsi üzrə işlərə başlandıqda, əməliyyatlarda iştirak edəcək mütəxəssislərə təlimlərin keçirilməsində ANAMA-nın potensialından istifadə olunsun. Qeyd edim ki, indiyədək Türkiyənin MKE qurumunun 30 mütəxəssisi ANAMA-da təlim keçib. Yerli qurumlarımızdan isə FHN və Sərhəd Qoşunları üçün treninqlər təşkil etmişik.

– Bildiyimiz qədər ANAMA bundan əvvəl Türkiyə-Suriya sərhədinin kiçik bir hissəsinin minalardan təmizlənməsində iştirak edib.

– ANAMA Türkiyədə, dünya tarixində ilk dəfə olaraq unikal bir layihə reallaşdırdı. Eramızdan əvvələ aid Karkamış antik şəhərinin ərazisini minalardan təmizlədik. Bu kiçik layihə olmasına baxmayaraq çox çətin idi. Tarixi abidələrə zərər yetirilməməsi üçün mexaniki maşınlar, minatəmizləmədə istifadə olunan yerində partlatma metodu tətbiq edilmədi. Tapılan minalar yerindən götürülərək, kənarda partladılmaqla zərərsizləşdirildi. Bu əməliyyat bizim üçün də təcrübə baxımından əhəmiyyət kəsb edir.

– Başqa hansı ölkələrdə əməliyyatlara dəvət olunmusunuz?

– İraq və Livandan müraciətlər var. İraqda çox sayda xarici minatəmizləmə təşkilatlarının fəaliyyət göstərməsinə baxmayaraq, bir sıra problemlər mövcuddur. Bildiyimiz kimi, bu gün İraqda yerli əhalinin bəzi ölkələrə münasibəti yaxşı deyil. Bu baxımdan da hökumət İraqa yaxın, müsəlman ölkələrin köməyindən istifadəyə maraq göstərir. Dünyada humanitar minatəmizləmə sahəsində ixtisaslaşmış iki müsəlman ölkəsi var – Azərbaycan və Bosniya. Yaxın aylarda İraqdan mütəxəssislər Azərbaycana gələcək. Onlar bizim potensialla tanış olduqdan sonra, seçilmiş sahələr üzrə işlərə başlayacağıq. İraq hətta Azərbaycanla minatəmizləmə sahəsində dövlətlərarası saziş imzalamaq niyyətindədir. Livanda da vəziyyət demək olar eynidir. Bu gün orada bizim ayrı-ayrı ölkələrdən partnyorlarımız işləyir. Ancaq yerli əhali onları qəbul etmək istəmir, işləmələrinə çətinliklər yaradırlar. Parnyorlarımız bizi Livanda həyata keçirilən layihələrdə onlara yardımçı olmağa çağırırlar. Bu sahədə də danışıqlar gedir.

– ANAMA minatəmizləmədə hansı avadanlıqları tətbiq edir? Texniki imkanlar necə formalaşdırılıb?

– Minatəmizləmə çox kaprizli sahədir və daha dəqiq və davamlı texnologiyalar tələb edir. Bizim inventarımızda Xorvatiyanın Dok-İng şirkətinin istehsalı olan MV-4, Slovakiyanın Way Industry firmasının Bozena-4 və Bozena-5 tipli mexaniki minatəmizləmə maşınları, PHS əməliyyatları üçün Bobcat tipli maşın yer alır. Əllə minatəmizləmədə Vallon və Minelab şirkətlərinin istehsalı olan metal detektorları, Schonstedt və Ferex maqnit lokatorları tətbiq olunur. Həmçinin bütün heyətimiz yüksək qorumaya malik qoruyucu geyimlərlə təchiz edilib. Minatəmizləyən maşınların əməliyyatlarda, xüsusilə də xəritəsiz minalı sahələrdə tətbiqi heyətin təhlükəsizliyinin təmin edilməsi baxımından çox vacibdir. Hazırda ANAMA-nın 6 ədəd distans idarə olunan minatəmizləyən maşını var. Ərazilərimiz azad ediləndən sonra onların sayı 20-25 ədədə çatdırılacaq. Düşünürəm ki, gələcəkdə Xorvatiyadan MV-10 tipli, 25 tonluq mexaniki minatəmizləyən maşınlar da alacağıq. Bu maşın tank əleyhinə minaların olduğu ərazilər üçün daha əlverişlidir.
İstifadəmizdə olan detektorları xüsusi testlər keçirməklə seçmişik. Türkiyədəki əməliyyatlarda Minelab F-3 detektorlarından istifadə etdik. Azərbaycandan fərqli olaraq orada F-3-lərin Vallon detektorlarından üstün olduğu üzə çıxdı. Bunun da səbəbi odur ki, Türkiyədə Amerika istehsalı olan, az metal tərkibli minalar geniş yayılıb. Minelab F-3 detektorları bu tip minaları aşkarlamaq üçün daha geniş imkanlara malikdir.

– ANAMA minatəmizləmə əməliyyatlarında itlərin də xidmətindən istifadə edir. Məlumatlar var ki, artıq ANAMA tərəfindən Azərbaycanda minaaxtaran itlərin yetişdirilməsinə başlanıb.

– Əvvəlki illərdə minaaxtaran itləri xaricdən alırdıq və onların biri bizə 12-14 min dollara başa gəlirdi. Həmin itlər sonradan nəsil vermir, törəyib artmırdılar. Nəhayət, 2 il əvvəl nəsil verə bilən 4 baş iti Azərbaycana gətirə bildik. Həmin itlərdən 20 baş bala alınıb. Onlardan təlimçilərimiz tərəfindən öyrədilmiş 8 it əməliyyatlara cəlb olunub. Hazırda ümumilikdə 50 baş minaxtaran itimiz var.

– Humanitar minatəmizləmənin bir aspekti də mina təhlükəsinə dair maarifləndirmədir. Bu sahədə işlər necə qurulub?

– Azərbaycan hazırda dünyada yeganə ölkədir ki, orta məktəblərdə mina təhlükəsinə dair maarifləndirmə (MTM) fənni tədris olunur. Bu məqsədlə xüsusi olaraq MTM dərslikləri hazırlanıb. Biz eyni zamanda Əfqanıstanda bu işlərin həyata keçirilməsinə yardımçı oluruq. Dövlət başçısının tapşırığına əsasən bu günədək 40 min ədəd MTM dərsliyini dari dilində çap edərək Əfqanıstana göndərmişik. İndi Əfqanıstan Hökuməti bizdən puştu və dari dillərində 400 000 ədəd kitab istəyir. Bu məsələ Azərbaycan Hökumətində müzakirə olunur.

– Nazim müəllim, Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı ərazilərdə vəziyyəti necə qiymətləndirmək olar?

– ANAMA-nın qarşısında duran əsas məsələ ərazilərimiz işğaldan azad ediləndən sonra orada aparılacaq minatəmizləmə əməliyyatlarıdır. Orada bizi nələrin gözlədiyini bilirik. Dünya Bankının hesablamalarına görə, işğal altındakı rayonlarda bizi mina və PHS ilə çirklənmiş 500 milyon kvadratmetr ərazi gözləyir. Bizim özümüzün beynəlxalq metodologiyaya əsaslanaraq apardığımız hesablamalara görə, bu rəqəm təxminən 800 milyon kvadaratmetrə yaxındır. Bu ərazilərdə əməliyyatlar aparmaq üçün 500-600 milyon dollar vəsait, 12 ilədək vaxt lazımdır. İşləri xarici şirkətlərin cəlbi, eləcə də mövcud potensialın dəfələrlə artırılması hesabına daha az müddətdə həyata keçirmək də mümkündür. Bu zaman müəyyən problemlərin olacağını istisna etmirik. Məsələn, ANAMA ərazinin 1 kvadratmetrini 1.1 dollara təmizlədiyi halda, hansısa beynəlxalq şirkət bu işi 3-4 dollardan aşağı qiymətə görməyəcək. Bu da xərclərin artması deməkdir. Biz alternativ variant kimi Silahlı Qüvvələrin mühəndis-istehkam qoşunlarının xidmətin istifadə edə bilərik. Yaxud bizim təkliflərdə orduya çağrılan insanların müqavilə əsasında ANAMA-da işə götürülməsi yer alır.

– Türkiyə-Suriya sərhədinin minalardan təmizlənməsi layihəsi çərçivəsində keçirilən tenderə qatılmısınız. Bu tenderdə hansı firmalarla əməkdaşlıq çərçivəsində iştirak edirsiniz? Gözləntiləriniz nədir?

– Türkiyə Müdafiə Nazirliyinin elan etdiyi şərtlərə əsasən, xarici təşkilatlar tenderə Türkiyə şirkətləri ilə konsorsium şəklində qatılmalıydı. Biz də bu tenderdə Koçoğlu adlı inşaat şirkəti ilə bir yerdə qatıldıq. Tenderin birinci mərhələsinə 22 şirkət öz təkliflərini vermişdi. İndi onlardan ANAMA da daxil olmaqla 11 şirkət qalıb. Tender üzrə 4 lotdan 3-nə təkliflərimizi vermişik. Onu da qeyd edim ki, rəqiblərimizin güclü olmalarına baxmayaraq, bu tenderə qatılanlar arasında ANAMA Türkiyədə indiyədək minatəmizləmə işləri aparmış yeganə təşkilatdır. /Azeri Defence/

Flaş versiyanı buradan oxuyun: www.issuu.com/azeridefence

KATEQORIYA:
Bu xəbəri paylaş