ANAMA: Bu günə qədər 542 milyon kvadratmetr ərazi minadan təmizlənib

ANAMA: Bu günə qədər 542 milyon kvadratmetr ərazi minadan təmizlənib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 2020-ci ilin yanvar ayı ərzində Ağdam, Ağcabədi, Ağstafa, Bərdə, Cəbrayıl, Füzuli, Göygöl, Qaradağ, Qazax, Sabirabad, Tovuz, Tərtər, Xızı rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərləri ərazisində 1 230 079 m² (123 ha) ərazi yoxlanılıb.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, əməliyyatlar zamanı 463 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd piyada əleyhinə, 2 ədəd tank əleyhinə mina (cəmi 470 ədəd) və 3 937 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 458 nəfər əməliyyat heyəti, 125 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

Yanvar ayı ərzində ANAMA-ya daxil olan müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 21 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Ağcabədi, Ağstafa, Füzuli, Göygöl, Xızı, Qazax, Qaradağ, Sabirabad, Tovuz rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 22 236 m² ərazi yoxlanılıb, 50 ədəd PHS, 3 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina (cəmi: 54 ədəd) və 3 937 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Ümumiyyətlə, Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 542 459 167 m² (54 246 ha) ərazi təmizlənib, 806 326 ədəd mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

2020-ci ilin yanvar ayı ərzində Qaradağ rayonu ərazisində mina hadisəsi qeydə alınıb, nəticədə 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş