ANAMA cəbhə xəttindəki ərazilərdə əməliyyatları davam etdirir

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən cəbhəyanı zonada Ermənistan Silahlı Qüvvələri tərəfindən 2-5 aprel tarixlərində atılmış partlamamış hərbi sursatların zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, aprelin 24-də ANAMA tərəfindən Tərtər, Goranboy, Füzuli, Ağdam və Samux rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) zərərsizləşdirilib.

Tərtər rayonunun Qapanlı, Qaradağlı, Əskipara kəndləri, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Füzuli rayonunun Alıxanlı kəndi, Ağdam rayonunun Əfətli kəndi, Samux rayonunun Kolayır kəndində ümumilikdə agentlik tərəfindən 7 ev, 26 partlayış yeri yoxlanılıb, 178 ədəd partlamamış hərbi sursat və 2 ədəd mina aşkar edilib və 28 120 kv. m ərazi yoxlanılıb.

Ümumilikdə, agentlik tərəfindən 7-24 aprel 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy və Tovuz rayonlarında 334 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 5 ferma, 4 əkin sahəsi və 1 ədəd çaxır zavodu ərazisinə baxış keçirilib və 941 ədəd partlamamış hərbi sursat və 8 (səkkiz) ədəd piyada əleyhinə mina (PMN) aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş