ANAMA cəbhəyanı 4 rayonda ermənilərin atdığı partlamamış hərbi sursatları zərərsizləşdirib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən aprelin 7-dən 11-dək Tərtər, Ağcabədi, Ağdam və Goranboy rayonlarında 121 ev və həyətyanı sahələrə baxış keçirilib, 12 ədəd ermənilər tərəfindən atılmış, lakin partlamamamış hərbi sursat (PHS) aşkar olunaraq zərərsizləşdirilib.

Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Xəbərdə bildirilib ki, Agentliyin çevik qrupu tərəfindən əməliyyatlar zamanı Tərtər rayonunun Qapanlı kəndində 42 ev və həyətyanı sahəyə baxış keçirilib. Buradan 2 ədəd 85 mm-lik top mərmisi, 1 ədəd 122 mm-lik top mərmisi və 4 ədəd 120 mm-lik top mərmisi aşkar edilərək götürülüb.

Həmin sursatların ətrafinda 5 400 kv.m ərazi yerüstü yoxlanılıb və heç bir təhlükəli sursat aşkar edilməyib.

Qarağacı kəndində isə 10 ev və həyətyanı sahəyə baxış keçirilib və sursatların tam partladılmış olması müəyyən edilib.

Ümumilikdə, Tərtərin Qapanlı və Qarağacı kəndlərində 7 ədəd partlamamış hərbi sursat götürülərək zərərsizləşdirilib.

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində isə 1 evin həyətyanı sahəsinə düşmüş 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olunub. Ərazidə 1000 kv.m sahə yerüstü yoxlanılıb və heç bir təhlükəli sursat aşkar olunmayıb. Mirzəhaqverdili kəndinin sakini Əbülfəz Zeynalovun həyətinə baxış keçirilən zaman isə buraya düşən sursatın tam partlamış olması müəyyən edilib.

Ağdam rayonu Təzəkənd kəndində sakin Malik Əliyevin həyətinə baxış keçirilən zaman buradakı tikilinin küncündə 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olunub və zərərsizləşdirilib. Ərazidə 800 kv.m həyətyanı sahə yerüstü yoxlanılıb. Kəndin ərazisində əlavə sursat aşkar edilməyib.

Orta Qərvənd kəndində 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olunub və zərərsizləşdirilib. Həmin sursatın ətrafinda 1100 kv.m əraziyə yerüstü baxış keçirilib.  Çıraqlı kəndində 2 evə top mərmisi düşərək partlayıb.

Mahrızlı və Zəngişalı kəndlərində 7 evə düşən qrad mərmilərinin yeri yoxlanılıb və raketlərin partladığı hissələri 1.5-2.5 metr dərinlikdən çıxarılıb.

Ümumilikdə, Ağdam rayonunun 5 kəndində (12 ərazidə) tək sursat əməliyyatı aparılıb, 2 ədəd 122 mm-lik partlamamış top mərmisi götürülərək zərərsizləşdirilib. 2 top mərmisi və 7 ədəd qrad mərmisinin düşdüyü ərazi yoxlanılıb və sursatların qalıqları çıxarılıb.

Goranboy rayonu Tapqaraqoyunli kəndində isə 52 ev və həyətyanı sahələrə, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbinin ərazisinə düşən 47 ədəd BM-21 qrad raketi və 16 ədəd top mərmilərinin düşüb partladığı ərazilər yoxlanılıb və sursatların qalıqları çıxarılıb. 1 ədəd partlamamış 100 mm-lik top mərmisi aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentliyin xüsusi təyinatlı mobil çevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş