ANAMA cəbhəyanı kəndlərdə ermənilər tərəfindən atılmış 137 sursatı zərərsizləşdirib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən aprelin 20-də cəbhəyanı rayonlarda 12 ev, 30 partlayış yeri, 3 əkin sahəsi və 32 535 kv.m ərazi yoxlanılıb.

Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Agentliyin çevik əməliyyat qrupları tərəfindən əməliyyatlar Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında aparılıb.

Tərtər rayonunun Qaradağlı kəndində 3 ev və həyətyanı sahələrdə 4 partlayış yerinə baxış keçirilib, 4 partlamış sursat aşkar edilib və 7 500 kv.m. ərazi yoxlanılıb. Tərtərin Qapanlı kəndində isə 4 ev və həyətyanı sahələrdə 7 partlayış yerinə baxış keçirilib. Əməliyyatlar zamanı 7 partlamış sursat aşkarlanıb.

Goranboy rayonunun Tapqaraqoyunlu kəndində 5 ev və həyətyanı sahələrdə 9 partlayış yerinə baxış keçirilib. Əməliyyat zamanı ANAMA-nın əməkdaşları tərəfindən 9 partlamış sursat aşkarlanıb.

Füzuli rayonunun Horadiz şəhərində –  şəhər və ətrafında 7 partlayış yerinə baxış keçirilib. Əməliyyatlar nəticəsində 7 partlamış sursat aşkar edilib.

Ağdam rayonunun Ballar kəndində baxış keçirilmiş 2 əkin sahəsində və 2 partlayış yerindən 2 ədəd partlamış sursat aşkar olunub. Baharlı kəndində isə 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib. Bir ədəd partlamış sursat aşkar olunub.

 

Ümumilikdə, Agentlik tərəfindən 7-20 aprel tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 300 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahələrinə, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığa, 1 kənd orta məktəbinə və 8 otlaq sahəsinə baxış kecirilib. 137 ədəd partlamamış hərbi sursat aşkar olunaraq, zərərsizləşdirilib.

 

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil cevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

KATEQORIYA:
Bu xəbəri paylaş