ANAMA Ceyrançöl Təmizləmə Layihəsinin açılışın elan edir

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə NATO/NAMSA-nın Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun birgə Layihəsi olan Ceyrançöl Təmizləmə Layihəsinin mayın 9-da rəsmi açılış mərasimi keçiriləcək.
Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.

Agentlik bildirir ki, Azərbaycan Hökuməti Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisinin 64 kvadrat kilometrlik hissəsini partlamamış hərbi sursatlardan (PHS) və minalardan təmizlənməsinə dair layihənin hazırlanması ilə əlaqədar ANAMA-ya müraciət edib. 1955-1991-ci illərdə Keçmiş Sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilmiş həmin ərazidə olan PHS və minalar yerli əhali üçün ciddi humanitar, sosial-iqtisadi və ətraf mühitin çirklənməsi təhlükəsi yaradır.

2009-cu ildə aparılmış tədqiqat zamanı çoxlu sayda partlamamış tank mərmisi və müxtəlif kalibrli artilleriya mərmisi, havadan atılmış bombalar və digər növ PHS aşkar edilib. Onların əksəriyyəti yanmış, lakin partlamamışdır və təhlükəli vəziyyətdə qalmaqdadir.

4 oktyabr 2011-ci il tarixdə Ceyrançöl Təmizləmə Layihəsi NATO tərəfindən rəsmən təsdiq olunub.

Belə ki, birinci mərhələdə ilkin olaraq hər biri 14 ayı əhatə edən 2 hissədən ibarət layihə çərçivəsində Azərbaycanın şimal-qərbində yerləşən Ceyrançöl adlı ərazidəki keçmiş sovetlər ordusunun təlim ərazisinin qərb hissəsində olan 19 kv km sahə PHS və minalardan təmizlənəcək.

28 aylıq layihənin dəyəri 3 090 000 Avro məbləğində müəyyənləşdirilib. Layihədə Azərbaycan Hökumətinin maliyyə dəstəyi Layihənin ümumi dəyərinin 50% təşkil edir. ABŞ Azərbaycanda Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu Layihəsinin – “Ceyrançöl Təmizləmə Layihəsi” – Azərbaycanda həyata keçirilməsində aparıcı ölkə olacağını öz öhdəsinə götürüb və Layihəyə maliyyə dəstəyi ayırıb. Eyni zamanda Böyük Britaniya da Layihəyə donor ölkə olaraq qatılıb.

Qeyd olunan Layihə çərçivəsində təmizləmə əməliyyatları 3 aprel 2012-ci ildən başlayıb və indiyədək 400403 kvm. ərazi təmizlənib, 70 mina və PHS tapılıb.

Layihənin rəsmi açılış tədbirində NATO-nun Cənubi Qafqaz Regionu üzrə Əlaqələndiricisi Villiam Lahue, NATO/NAMSA-nın Layihə Meneceri David Toundrou, Layihədə Aparıcı Ölkə olan ABŞ, Rumıniya, Böyük Britaniya və Türkiyənin Azərbaycan Respublikasındakı Səfirlik nümayəndələri və digər xarici və yerli qonaqlar iştirak edəcəklər.

Qeyd edək ki, iyulun 6-da Bakıda NATO həftəsi çərçivəsində Azərbaycan Hökumət nümayəndələrinin, NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Ceyms Appaturayın, eləcə də Layihə üzrə donor ölkə təmsilçilərinin iştirakı ilə Ceyrançöl Təmizləmə Layihəsinə həsr olunmuş tədbir keçiriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş