ANAMA daha bir əməliyyatı yekunlaşdırır

Güzdək qəsəbəsində Sovet Ordusunun Azərbaycanı trk edərkən partlatdığı sursat anbarında təmizləmə işləri mart ayınadək başa çatdırılacaq. Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

İndiyədək əməliyyatlara açılmış 310 min kvadratmetr ərazinin artıq 224 100 kvadratmetri təmizlənib. Təmizləmə işləri başa çatdıqdan sonra xarici keyfiyyət yoxlamaları aparılacaq və bundan sonra ərazi təhvil veriləcək.

Ümumilikdə indiyədək Güzdəkdən müxtəlif çaplı 13 563 ədəd döyüş sursatı, həmçinin Azərbaycanda ilk dəfə olaraq, partlayışların törədilməsində istifadə olunan C4 tipli plastik partladıcılar tapılıb.

2009-cu il iyunun 10-dan etibarən Azərbaycan Hökumətinin tapşırığına əsasən ANAMA Güzdəkdə təmizləmə işlərinə başlayıb. Bu baza 4 hərbi hissəni sursatlarla təchiz edib. 1991-ci ildə baş vermiş partlayış nəticəsində PHS hissələri böyük bir əraziyə səpələndiyinə görə davamlı olaraq yerli əhaliyə ciddi humanitar, sosial-iqtisadi ziyan dəyib və ətraf mühit təhlükə altında qalıb. Hərbi baza 400 000 kv.m sahədə yerləşib və 20 anbar binasından ibarətdir. Partlayışdan sonrakı dövrdə ərazidə 2 nəfərin ölümü ilə nəticələnmiş 10 bədbəxt hadisənin baş verməsi barədə məlumatlar daxil olub. Güzdəkdəki əməliyyatlar ABŞ Dövlət Departamenti Siyasi-Hərbi Bürosunun Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsi (63%) və Azərbaycan Hökuməti (37%) tərəfindən maliyyələşdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş