ANAMA direktoru vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa və şübhəli əşyalara toxunmamağa çağırıb

ANAMA direktoru vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa və şübhəli əşyalara toxunmamağa çağırıb

1999-2020-ci illər ərzində mina və PHS təhlükəsindən 535 nəfər həlak olub, 2 418 nəfər müxtəlif dərəcəli xəsarət alıb (cəmi 2 593 nəfər).

“Azeri Defence”nin məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfrasında ANAMA-nın direktoru Qəzənfər Əhmədov deyib.

“Bildiyiniz kimi, bu il noyabrın 14-də saat 16:30 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Alxanlı kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə Azərbaycan vətəndaşları Əhmədov Yasin Ələsgər oğlu və onun qardaşı Əhmədov Asif Ələsgər oğlu mal-qara otararkən piyada əleyhinə minaya düşmüşlər. Partlayış zamanı Yasin Əhmədov həlak olub, Asif Əhmədov isə ağır dərəcəli bədən xəsarəti alıb.

Həmin mülki vətəndaşların təxliyyə olunmaları üçün Agentliyin əməkdaşları həmin əraziyə cəlb olunub. Təxliyyə zamanı Əhmədov Asif Ələsgər oğlu ərazidən çıxalırmış, Əhmədov Yasin Ələsgər oğlunun təxliyyəsi zamanı isə Agentliyin minaaxtaranı Xudiyev Asəf Mürsəl oğlu öz xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən basdırılmış piyada əleyhinə minaya düşüb, nəticədə sol ayağı topuq nahiyəsindən amputasiya olunub və çox sayda qəlpə yarası alıb”, – deyə ANAMA-nın direktoru bildirib.

Qəzənfər Əhmədov qeyd edib ki, noyabrın 28-də saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verib, nəticədə Azərbaycan vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı hadisə yerində vəfat ediblər.

“Hadisə barədə Agentliyə məlumat daxil olan kimi Agentliyin mütəxəssislərindən ibarət xilasetmə əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı “Toyota” markalı avtomobilinin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub. Aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq cəsədlər ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.

Qeyd etmək istəyirik ki, vətəndaşların təhlükəli ərazilərə daxil olmamaları və şübhəli əşyalara toxunmamaları barədə marifləndirmə fəaliyyətləri, əsasən də Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) mina aksiyasının mühüm tərkib hissələrindən biri olmaqla mina, partlamamış hərbi sursat, müharibənin partlayıcı qalıqları (MPQ) və tərkibində partlayıcı olan qurğuların təhlükəsi olan ərazilərdə və onlara yaxın yerlərdə məskunlaşan əhali arasında təhlükəsiz davranış qaydaları və məlumatların yayılmasını, onların xəbərdar edilməsini nəzərdə tutmaqdadır”, – deyə ANAMA-nın direktoru vurğulayıb.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş