ANAMA: Ermənilərin Tovuza atdığı top və minaatan mərmiləri zərərsizləşdirilib

ANAMA: Ermənilərin Tovuza atdığı top və minaatan mərmiləri zərərsizləşdirilib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) iyulun 27-də Tovuz rayonunun Ağdam və Yuxarı Öysüzlü kəndləri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 3 (üç) siqnal (əməliyyat çağırışı) daxil olub.

​ANAMA-dan Azeri Defence saytına verilən xəbərə görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan ərazidə otlaq sahəsinə və fermanın yaxınlığına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və partlamış 6 ədəd minaatan mərmisinin hissələri aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Atəş nöqtələrinin ətrafında 150 kv.m əraziyə yerüstü, 15 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş