ANAMA: Gün ərzində ermənilər tərəfindən atılmış 19 partlamış və 4 partlamamış sursat aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən aprelin 7-dən 14-dək son günlər hərbi əməliyyatllar getmiş Tərtər, Ağcabədi, Ağdam, Füzuli və Goranboy rayonlarında 205 ev və həyətyanı sahəyə, 5 ferma və 3 əkin sahəsinə baxış keçirilib. Nətəcədə 49 ədəd partlamamış hərbi sursat (PHS) aşkar olunaraq zərərsizləşdirilib.

Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.

Hazırda Agentlik tərəfindən yaradılmış minaaxtaran itlərin dəstəyi ilə xüsusi təyinatlı mobil çevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.

Agentliyin yaydığı məlumatda qeyd olunub ki, aprelin 14-də Tərtər rayonun Qapanlı kəndində 3 ev və həyətyani sahələrdə 6 partlayış yerinə, Qaradağlı kəndində 2 ev, 5 partlayış yeri və 1 əkin sahəsinə, Goranboy rayonunun Tapqaraqoyunlu kəndində 2 ev və həyətyanı sahələrdə 3 partlayış yerinə baxış keçirilsə də PHS aşkarlanmayıb. Ağdam rayonunun Ballar kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib. Oradan da sursat aşkarlanmayıb. Ergi düzündə baxış keçirilmiş 1 fermanın ərazisindən 1 ədəd 100 mm-lik top mərmisi aşkarlanaraq götürülüb.

Füzuli rayonunun Horadiz şəhərində və ətrafında 7 partlayış yerinə baxış keçirilərək 4 ədəd partlamış, 3 ədəd partlamamış hərbi sursat aşkar olunaraq götürülüb.

Ümumilikdə, 14 aprel tarixində Agentlik tərəfindən 7 ev, 22 partlayış yeri, 2 əkin sahəsi və 1 fermaya baxış keçirilib. Əməliyyatlar zamanı 19 partlamış və 4 partlamamış sursat aşkarlanıb.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş