ANAMA keçmiş Güzdək bazasında dərin təmizləmə işləri aparır

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Güzdək sursat anbarlarının ərazisində dərin təmizləmə işlərinə başlayıb.
Bu barədə “AzeriDefence”yə ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov məlumat verib.

A.Aslanovun sözlərinə görə, ərazidə aparılan əməliyyatların gedişində partlayış zamanı sursatların yerin dərinliklərinə batdığı, xüsusən də bazanı əhatələyən torpaq səddin altında partlamamış hərbi sursatların olduğu aşkarlanıb.

“Bununla əlaqədar olaraq ərazidə dərin təmizləmə işlərinə başlanıb. Əməliyyata ekskvatorlar cəlb olunub, həmçinin müxtəlif aşkaretmə avadanlıqları ilə yerin bir neçə metr dərinliyində sursatların olub olmadığı yoxlanılır”,- deyə A.Aslanov vurğulayıb.

Qeyd edək ki, 2009-cu il iyunun 10-dan etibarən Azərbaycan Hökumətinin tapşırığına əsasən ANAMA Qaradağ rayonunun Güzdək yaşayış məntəqəsində təmizləmə işlərinə başlayıb. Ərazidə 4 hərbi hissəni sursatlarla təchiz edən keçmiş hərbi baza yerləşib. 1991-ci ildə baş vermiş partlayış nəticəsində PHS hissələri böyük bir əraziyə səpələnib. Hərbi baza 400 000 kv.metr ərazidə yerləşir və 20 anbar binasından ibarətdir. əməliyyatlar zamanı Güzdəkdə ANAMA təcrübəsində ilk dəfə olaraq C-4 plastik partlayıcılara rast gəlinib.

KATEQORIYA:
Bu xəbəri paylaş