ANAMA-NATO əməkdaşlığı 10 ilini tamamladı – MÜSAHİBƏ

ANAMA-nın direktoru Nazim İsmayılov: “NATO ilə əməkdaşlıq ANAMA-nın regional minatəmizləmə mərkəzinə çevrilməsinə yol açdı”

Rəşad SüleymanovAzərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) NATO ilə əməkdaşlığının 10 ili tamam olur. Ötən müddətdə NATO-nun dəstəyi ilə bir sıra mühüm layihələr həyata keçirən ANAMA-nın adı son illərdə NATO-nun Azərbaycandan kənarda reallaşdırdığı proqramlarda da yer alır. Yanvar ayının 15-də Brüsseldə Azərbaycan prezidenti ilə görüşdən sonra keçirilən mətbuat konfransında NATO-nun baş katibi Andres Fogh Rasmussen ANAMA-nı NATO-nun “ən yaxın tərəfdaşı” kimi xarakterizə etdi. Prezident İlham Əliyev də NATO ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda mühüm layihələrin reallaşdırıldığını bildirdi.
AZERİ DEFENCE jurnalı olaraq ANAMA-nın direktoru cənab Nazim İsmayılovla ANAMA-NATO əməkdaşlığının tarixinə nəzər salaraq bu çərçivədə həyata keçirilən işləri dəyərləndirməyə çalışdıq.

– Nazim müəllim NATO-nun baş katibi Andres Fogh Rasmussen Azərbaycan prezidenti ilə görüşündə ANAMA-nı NATO-nun “ən yaxın tərəfdaşı” adlandırdı. Rəhbərlik etdiyiniz Agentliyin ünvanına xoş sözlər səsləndirdi. ANAMA-NATO əməkdaşlığının 10-cu ildönümündə dünəndən bu günə qət edilən yol barədə nələri deyə bilərsiniz?

– Əvvəlcə qeyd etmək istərdim ki, cənab prezident hər zaman ANAMA-nın fəaliyyətini qiymətləndirib. Buna görə, ANAMA-nın kollektivi adından dövlət başçımıza öz minnətdarlığımızı bildirirəm. NATO-nun baş katibinin Azərbaycan prezidenti ilə görüşdə ANAMA haqqında belə xoş sözlər işlətməsi bizim üçün böyük şərəfdir. Qeyd edim ki, NATO bizə qədər 40-dan artıq ölkədə mina və partlamamış hərbi sursatların (PHS) zərərsizləşdirilməsi sahəsində layihələr həyata keçirib. Bunların içində yeganə haldır ki, NATO Azərbaycanda azərbaycanlı tərəfdaşı ilə birgə, dünyada analoqu olmayan bir layihə reallaşdırıb. Belə qiyməti qazanmaq üçün çox və ağır yolu keçmişik. Biz NATO ilə işləməyə 2004-cü ildə başladıq və bu il ANAMA-nın NATO ilə əməkdaşlığının 10 ili tamam olur.
Bu necə baş verdi? ANAMA 1998-ci ildə yarandıqdan sonra 2000-ci ildə fəaliyyətə başladı və sırf mina sahəsində. Lakin əməliyyat və tədqiqatlar zamanı sahələrdə partlamamış hərbi sursat problemi ilə də rastlaşdıq. Bildiyiniz kimi, Sovet Ordusunun Ağstafada, Hacı Zeynalabdin Tağıyev, Güzdək və s. yerlərdə hərbi bazaları, böyük sursat anbarları yerləşirdi. Sovet Ordusu 1990-cı illərin əvvəllərində Azərbaycanı tərk edərkən, müqaviləyə əsasən buradakı inventarın hamısı bizim orduya qalmalı idi. Amma onlar bunu Azərbaycana saxlamaq istəmirdilər. Ona görə ki, həmin anbarlar Azərbaycana verilsəydi, bizim bir neçə on il ərzində döyüş sursatları almağımıza ehtiyac qalmırdı. Məhz bu səbəbdən ruslar hərbi bazalarda yanğınlar təşkil etdilər. Yanğınla müşayiət olunan partlayışlarda Ağstafada 140 depodan ibarət Saloğlu, Bakı yaxınlığında isə Güzdək bazası tam yararsız vəziyyətə düşdü. Partlayış zamanı nəinki bazalar dağıldı, ətraf ərazilərə ciddi ziyanlar dəydi, insanlar xəsarət aldılar, həlak oldular. Ən dəhşətliyi isə odur ki, sonradan ətrafa dağılan sursatları əlvan metal kimi toplayan zaman baş vermiş partlayışlarda yerli əhalidən ölənlər oldu.
İlk illərdə bu problemin öhdəsindən necə gələcəyimizi bilmirdik. Potensialımız, texnologiyamız yox idi. Belə bir vəziyyətdə, 2003-cü ildə biz vəziyyəti hökumətə bildirdik. Təklif elədik ki, bu işin öhdəsindən gəlməkdə bizə NATO-nun keçmiş NAMSA agentliyi (indiki NSPA agentliyi- red.) dəstək ola bilər. O vaxt NAMSA Moldova və Ukraynada bu cür işlər həyata keçirdi. Xarici İşlər Nazirliyi vasitəsi ilə NATO-ya müraciət edildikdən sonra Azərbaycana bir nümayəndə heyəti gəldi. Heyət ilk olaraq Müdafiə Nazirliyi, daha sonra isə bizimlə görüşdü. Fəaliyyətimizlə tanışlıqdan sonra qərara alındı ki, layihə ANAMA ilə icra olunsun. Layihə hazırlandı, bizim 15 nəfərdən ibarət ilk qrupumuz yaradıldı və NATO mütəxəssisləri tərəfindən onlara 6 aylıq təlim keçirildi. Bu müddətdə “Saloğlu” layihəsi ilə bağlı SNT Etimad Fondu (PfP Trust Fund) yaradılaraq, donorlar cəlb olundu. Başlanğıcda Azərbaycan hökuməti layihənin maliyyələşməsinin 10%-ni, donorlar isə qalan 90%-ni ayırdı. Beləliklə, 2005-ci ildə biz Saloğluda işlərə başladıq.
Qeyd edim ki, ilk vaxtlar nə biz, nə də NATO nümayəndələri Saloğluda nə ilə qarşılaşacağımızı bilmirdik. İlk tədqiqatlarda işlərin 2 il içində başa çatdırılması nəzərdə tutulsa da, əməliyyatlara başladıqdan sonra nəinki yerin üstündə, eləcə də torpağın dərinliklərində çox sayda sursatlar aşkarlamağa başladıq. Təsəvvür edin, bir-birinin üstünə qalaqlanmış sursatlar üzə çıxır. Texnologiyamız, avadanlığımız yox. Ancaq qazıntı yolu ilə işləyirdik. Buna görə potensialımızı artırmağa başladıq və heyətin sayı 60 nəfərə çatdırıldı. Beş il ərzində Saloğluda çox ağır şəraitdə işlədik, 1 nəfər itkimiz oldu. Beş il ərzində biz Saloğlu bazasından 600 mindən artıq 240 növ sursatı taparaq zərərsizləşdirdik. Ona görə də cənab Rasmussen deyir ki, NATO dünyada ən ağır layihələrdən birini ANAMA ilə birgə həyata keçirib.

– NATO ilə əməkdaşlıqdan ANAMA nə əldə etdi? Bunu bir qədər detallı şəkildə açıqlayarsınızmı?

– Qeyd edim ki, “Saloğlu” layihəsi bizim üçün böyük məktəb oldu. Azərbaycan hökuməti layihənin ciddiliyini nəzərə alaraq ikinci mərhələdə vəsaitin 50%-ni ayırdı. Bu dünyada görünməyən bir addım idi. Ukraynada və digər ölkələrdə yerli hökumətlər belə layihələrin 10-20%-ni maliyyələşdirirdilər. İkincisi, 5 il ərzində bizim mütəxəssislər elə bir təcrübə qazandılar ki, NATO bu potensialdan nəinki Azərbaycanda, eləcə də digər ölkələrdə istifadə olunması təklifi ilə çıxış etdi. “Saloğlu”dan sonra biz onun davamı olan “Ceyrançöl” layihəsini başladıq. Buna paralel olaraq NATO bizi Gürcüstanda milli potensialın hazırlanması proqramına cəlb elədi. ANAMA NATO-nun tenderinə qatılaraq qalib oldu. NATO-ya üzv ölkələrdən tanınmış təşkilatların iştirak etdiyi bu tenderə ANAMA qeyri-NATO ölkələrindən qatılan yeganə təşkilat idi. Sözügedən layihə çərçivəsində Gürcüstan Ordusunun 60 zabitinə Göygöl Beynəlxalq Təlim Bazasında 3 və 6 aylıq təlim kursları keçdik. Daha sonra mütəxəssislərimiz Gürcüstanda minatəmizləmə əməliyyatlarının həyata keçirilməsinin yerində monitorinqini apardılar. Məhz bu layihə ilə ANAMA-NATO əməkdaşlığı Azərbaycan sərhədlərindən kənara çıxdı.
Qeyd olunan işlərin davamı olaraq Türkiyədən də təkliflər aldıq. Bir vaxtlar SNT Etimad Fondu çərçivəsində ANAMA-ya yardım ayıran Türkiyə ANAMA-nın potensialından istifadə etməyə maraq göstərdi. Bu çərçivədə biz MKE kimi nüfuzlu bir təşkilatın 15 nəfər yüksək vəzifəli əməkdaşına təlimlər keçib sertifikatlar verdik. Başqa sözlə ifadə etsək, NATO-ANAMA əməkdaşlığı ANAMA-nın regional minatəmizləmə mərkəzinə çevrilməsinə yol açmış oldu.
NATO ilə əməkdaşlıqdan danışdıqda, bəzi qonşularımız “NATO Azərbaycana daxil oldu” fikrinə gəlirlər. Halbuki belə deyil. Bizim sahəmiz humanitar sahədir və NATO ilə birlikdə hər hansı hərbi işlə məşğul olmuruq. Biz NATO-dan istifadə edib öz milli potensialımızı yaratmışıq, müasir avadanlıqlar almışıq. Həmin avadanlıqların bəziləri regionda yalnız bizim istifadəmizdədir. Bu gün bizdə ən müasir mina təmizləyən maşınlar, 6 metr dərinlikdəki sursatları belə aşkarlayan avadanlıqlar mövcuddur.

– Rəsmi Bakı NATO-nun Əfqanıstanın yenidən qurulması proqramında iştirak edəcəyini bəyan edib. ANAMA-nın həm NATO, həm də Azərbaycan hökumətinin Əfqanıstanla bağlı proqramlarında hansı yeri olacaq?

– NATO qoşunları çıxdıqdan sonra Əfqanıstanda onları bir müddət tərəfdaşları əvəz edəcək. Bu bir neçə tərəfdaş ölkənin arasında Azərbaycan da var. Cənab prezident də Azərbaycanın Əfqanıstana dəstəyini davam etdirəcəyin bəyan edib. Hazırda Azərbaycan Əfqanıstana maddi yardım göstərir. Onu deyim ki, humanitar minatəmizləmə sahəsində ANAMA tərəfindən Əfqanıstana dəstək davam etdiriləcək. NATO mütəxəssisləri ANAMA-nı Əfqanıstanda minatəmizləmə işlərini təşkil edəcək yeganə qurum hesab edirlər. Xatırladım ki, biz iki ildən çoxdur dövlət başçımızın tapşırığı əsasında Əfqanıstana qeyri-hərbi yardımların göstərilməsi sahəsində işləyirik. Əfqanıstan Milli Minatəmizləmə Mərkəzinin potensialının yaradılmasında iştirak etmişik. Bu Mərkəzin direktoru daxil olmaqla, çox sayda əməkdaşı Azərbaycanda bizim təlimlərdə iştirak ediblər. Biz həmçinin onlara minadan zərərçəkənlərə yardım layihələrinin hazırlanması, keyfiyyət yoxlamalarının təşkili sahəsində də təlimlər keçmişik. Puştu və dari dilində 45 min ədəd Mina Təhlükəsinə dair Maarifləndirmə dərsliyi nəşr olunaraq Əfqanıstana göndərilib. Bu ölkənin məktəblərində 1000-dən artıq müəllimə təlimlər keçirilib. Ötən il Əfqanıstan tərəfi müraciət edərək daha 45 min kitaba ehtiyac olduğunu bildirdi. Bütün bunları NATO-da bilirlər. Noyabr ayında NATO-da keçirdiyim görüşlərdə mənə Alyans rəsmiləri ANAMA-nın Əfqanıstanda NATO-nun humanitar minatəmizləmə sahəsində fokus nöqtəsi olması təklifi ilə çıxış edəcəklərini dedilər.
Onu da bildirim ki, bu gün Azərbaycan və Əfqanıstan arasında dövlətlərarası saziş layihəsi hazırlanır. Biz də o sazişlə bağlı təkliflərimizi hazırlayıb hökumətə təqdim etmişik.
Humanitar minatəmizləmə ilə yanaşı ANAMA Əfqanıstan Daxili İşlər Nazirliyinin 60 əməkdaşına döyüş sursatlarının zərərsizləşdirilməsi təlimləri keçəcək. Əfqanıstanda illərlə davam edən əməkdaşlıq görünür.

– ANAMA-NATO əməkdaşlığının perspektivlərini necə görürsünüz? Yaxın perspektiv üçün hansı layihələr gözlənilir?

– Hazırda icra olunan “Ceyrançöl” layihəsinin ikinci mərhələsinə NATO öz dəstəyini bəyan edib. Eyni zamanda Azərbaycan hökuməti bu layihənin maliyyələşməsinin 50%-ni üzərinə götürüb. Layihənin ikinci mərhələsində ABŞ lider ölkə olacaq. Türkiyə də ikinci mərhələdə bu layihəyə qoşulur. Qeyd edim ki, “Ceyrançöl”ün ikinci mərhələsinə bu ilin ortasında başlayacaq və 2016-cı ildə üçüncü mərhələyə keçəcəyik. Ümumilikdə bu layihə 2018-ci ildə başa çatacaq. Bununla məsələ bitmir. Samux və Şəmkir rayonlarının ərazisində yerləşən Seyfəli hərbi poliqonunun ərazisində çox sayda aviabombalar, partlamamış sursatlar aşkarlanıb. Biz bununla bağlı da NATO-ya müraciət etmişik. Onlar bu layihəyə çox maraqla yanaşsalar da dəstəklə bağlı konkret fikir ifadə olunmayıb. İndi onu deyə bilərəm ki, 2020-ci ilə qədər bizim NATO ilə böyük işlərimiz olacaq. Bundan başqa, NATO Azərbaycan əraziləri işğaldan azad ediləndən sonra orada aparılacaq mina təmizləmə layihələrində iştirak etməyə maraqlıdır. Belə olan halda perspektivdə 10-12 illik layihələrimizin olacağını deyə bilərik.
Hazırda NATO-nun marağındadır ki, ANAMA Gürcüstanda həyata keçirilən layihələrdə aktiv iştirak etsin. Gürcüstanda Skra regionunda 2008-ci ildə törədilmiş partlayış nəticəsində dağın altında bir tunel dağılıb. Gürcü tərəfinin məlumatına görə, tuneldə yaxşı vəziyyətdə 50 minə yaxın sursat var. Təxminən 1 il ərzində orada əməliyyat aparmaq lazımdır. İndi belə bir layihə hazırlanır. Bizim mütəxəssislər NATO-nun xahişi ilə orada olub, tədqiqat keçiriblər.
Qeyd edim ki, Azərbaycan hökumətinin Afrika ölkələri ilə bağlı humanitar proqramları mövcuddur. Biz humanitar minatəmizləmə sahəsində o regionda müəyyən layihələr reallaşdıra bilərik. Elləcə də bəzi ərəb ölkələri bizimlə birgə layihələr həyata keçirməyə maraqlı olduqlarını bəyan ediblər.

– ANAMA-nın aktiv fəaliyyət dairəsinə Türkiyə də daxildir. Türkiyə ilə bağlı perspektiv planlarınız nədir?

– Türkiyədə böyük layihələr gözlənilir. Bunlardan mühümü Türkiyə-Suriya sərhədinin minalardan təmizlənməsidir. NATO-nun NSPA agentliyinin iştirakı ilə hazırlanmış bu layihə müəyyən problemlərlə əlaqədar təxirə salınmasına baxmayaraq hələ də aktualdır. Türkiyənin Ermənistan və İranla sərhədində də mina problemi var. Bu günədək ANAMA qardaş Türkiyədə 4 layihə həyata keçirib. Bütün bu layihələrin reallaşmasında NATO referansımız mühüm rol oynayıb. Düzdür, indi də Türkiyədən kiçik layihələrə dəvətlər olur. İqtisadi cəhətdən səmərəli olmadığından biz bu tip layihələrə birbaşa qatılmırıq. Kömək məqsədi ilə əməkdaşlarımızı nəzarətçi qismində göndərə biləcəyimizi bildiririk.

– Bu il minatəmizləmədə hansı yeniliklərin tətbiqi planlaşdırılır?

– Biz bu yaxınlarda minalı ərazilərin kəşfiyyatını aparmaq üçün pilotsuz uçuş aparatı alacağıq. İsveçrənin “SenseFly” şirkətinin istehsalı olan bu pilotsuz uçuş aparatları 150-200 metr hündürlükdən tədqiqatlar zamanı girilməsi təhlükəli olan minalı ərazilərin görüntülərini əldə etməyə imkan verir. Ötən il təlimdə bu pilotsuz uçuş aparatından istifadə etdik və effekt verdi. Düşünürəm ki, bu aparatdan Ceyrançöl, Samux və digər ərazilərdə istifadə edəcəyik. Sentyabr ayında isə Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sərgisində iştiraka hazırlaşırıq. Bu il həm də ANAMA-nın yaranmasının 15 ili də tamam olur. Ona görə çalışırıq ki, bu sərgidə gözəl bir pavilyon yaradaq və öz imkanlarımızı orada nümayiş etdirək.

AZERI DEFENCE jurnalı 01(09) 2014

KATEQORIYA:
Bu xəbəri paylaş