ANAMA-nın çevik qrupu cəbhəboyu ərazilərdə əməliyyatları davam etdirir

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən cəbhəyanı zonada Ermənistan Silahlı Qüvvələri tərəfindən 2-5 aprel tarixlərində atılmış partlamamış hərbi sursatların zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, aprelin 22-də agentlik tərəfindən Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy və Tovuz rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) zərərsizləşdirilib.

Tərtər rayonu Qapanlı, Qarağacı, Qaradağlı, Əskipara, Şıxarx, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli, Mirzəhaqverdili, Ağdam rayonunun Təzəkənd, Orta Qərvənd, Çıraqlı, Mahrızlı, Əfətli, Ballar, Evoğlu, Baharlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Qaxdud, Füzuli rayonunun Mirzənağılı, Qazaxlar, Əhmədalılar kəndlərində və Horadiz şəhərində, partlamamış hərbi sursatlar aşkarlanıb.

Ermənistanla dövlət sərhədində – Tovuz rayonunun Qədirli kəndində isə 1 ev və həyətyanı sahəyə baxış keçirilərək 84 ədəd 100 mm-lik partlamamış top mərmisi aşkar edilərək götürülüb.

Ümumilikdə, Agentlik tərəfindən 7 -22 aprel tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy və Tovuz rayonlarında 310 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 5 ferma və əkin sahələrinə baxış kecirilib, 139 ədəd partlamamış hərbi sursat və 5 ədəd piyada əleyhinə mina (PMN) aşkar olunaraq zərərsizləşdirilib. Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil cevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

KATEQORIYA:
Bu xəbəri paylaş