ANAMA-nın minaaxtaran iti 2020-ci ilin qalibi seçilib

ANAMA-nın minaaxtaran iti 2020-ci ilin qalibi seçilib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Minaaxtaran İti (MAİ) minatəmizləmə və insanların həyatının xilas edilməsi fəaliyyətində fərqləndiyinə görə 2020-ci ilin qalibi seçilib.

ANAMA-dan Azeri Defence saytına verilən məlumata görə, Agentlik öz fəaliyyəti çərçivəsində bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Belə təşkilatlardan biri də ABŞ-ın Dövlət Departamentinin himayəsi altında fəaliyyət göstərən Marşal İrsi İnstitutudur (MLİ).

“Agentlik 2005-ci ildən başlayaraq indiyədək ABŞ-nın Marşal İrsi İnstitutu ilə əməkdaşlıq edir. ABŞ Dövlət Departamentinin və fərdi donorların dəstəyi ilə Marşal İrsi İnstitutu Azərbaycan minatəmizləmə proqramına 36 baş minaaxtaran it və 4 baş partlayıcı axtaran it (əvvəllər İraqda Sülhməramlı missiya çərçivəsində antiterror əməliyyatlarında istifadə olunub) hədiyyə edib və həmin itlər Agentlikdə akkreditasiya və təlim keçib. Hazırda həmin itlərdən Agentliyin yerinə yetirdiyi təcili təxirəsalınmaz əməliyyat-axtaraş tədbirlərində istifadə olunur”, – deyə ANAMA-nın məlumatında deyilib.

Bildirilib ki, Azərbaycan minatəmizləmə proqramında fəaliyyət göstərən minaaxtaran itlər Əfqanıstanda, İraqda və digər qaynar bölgələrdə xüsusi anti-terror əməliyyatlarında iştirak edib və təlim keçiblər: “MLİ tərəfindən hər il keçirilən yarışmada minatəmizləmə və insanların həyatının xilas edilməsi fəaliyyətində fərqləndiyinə görə ANAMA-nın MAİ Qrupunun MAİ bələdçisi Loğman Namazov və partlayıcı axtaran iti KORA (cinsi: Alman çoban iti) 2020-ci il üzrə qalib seçilib.

KORA 2014-cü ildən indiyədək Azərbaycanın Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Goranboy, Qəbələ, Qazax və Ağstafa kimi müxtəlif regionlarında 321 683 kvadrat metrdən çox ərazini yoxlayıb. Bu müddət ərzində o, 2 ədəd piyada əleyhinə mina, 5 ədəd piyada əleyhinə mina parçası, 3 ədəd tank əleyhinə mina parçası, saysız-hesabsız güllə və partladıcı qırıntıları aşkar edib. 32 ailə, 8 məktəb və 2100 nəfər bu itin zəhmətindən bəhrələnib. KORA 38 ferma və 17 otlaq sahəsinin təmizlənməsində iştirak edib. KORA 9 yaşında olmasına baxmayaraq, bu sahədəki gənc MAİ-lərdən geri qalmamaqdadır”.

Qeyd edək ki, ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən 2013-cü il üzrə aparılan seçimdə ANAMA-nın MAİ bələdçisi Mansur Aslanov və onun NİKO adlı minaaxtaran iti, 2018-ci ildə isə MAİ bələdçisi Vahid Məmmədov və ESGİMO-Rocket adlı minaaxtaran iti qalib seçilib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş