ANAMA-nın yaradılmasından 14 il ötür

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyın (ANAMA) yaranmasından 14 il ötür. “AzeriDefence”nin məlumatına görə, ANAMA 1998-ci il 18 iyul tarixində Azərbaycan Prezidentinin 854 saylı sərəncamı əsasında Ərazilərin Yenidənqurma və Bərpa Komitəsinin nəzdində yaradılıb.

ANAMA ölkə daxilində həyata keçirilən bütün minatəmizləmə ilə bağlı olan fəaliyyəti planlaşdırmaq, əlaqələndirmək, idarə və nəzarət etməklə bərabər həm də icraçı təşkilat kimi Azərbaycan Hökuməti ilə BMT İP arasında 2 aprel 1999-cu ildə imzalanmış Azərbaycanda Mina Təhlükəsilə Mübarizə üzrə birgə Proqramı həyata keçirir. ANAMA-nın Füzuli və Göygöl rayonlarında iki Regional Bazası, Tərtər, Ağcabədi və Ağstafada əməliyyat mərkəzləri mövcuddur.

ANAMA postsovet məkanında humanitar minatəmizləmə ilə məşğul olan yeganə qurumdur. Eyni zamanda postsovet ölkələrində, İran, Türkiyə və Mərkəzi Asiya regionunda bu sahədə təlimlər keçən yeganə təşkilatdır.

Agentlik az zaman kəsiyində humanitar minatəmizləmə sahəsində fəaliyyətinə görə dünyanın aparıcı mərkəzlərindən birinə çevrilib. Tacikstan, Əfqanstan, Türkiyə, Gürcüstan və digər ölkələr üçün mütəxəssislər hazırlayır. ANAMA NATO ilə əməkdaşlıq çərçivəsində bir neçə mühüm layihələri, o cümlədən keçmiş sovet ordusu tərəfindən partladılmış 140 depodan ibarət Saloğlu bazasının konversiyası layihəsini uğurla başa çatdırıb. Dünya tarixində ilk dəfə olaraq arxeoloji bölgədə – Türkiyənin Qaziantəp vilayətinin Karkamış antik şəhəri ərazisində unikal minatəmizləmə əməliyyatı həyata keçirib. Hazırda Türkiyədə əməliyyatları davam etdirən ANAMA bu ölkədə milli minatəmizləmə mərkəzinin qurulmasına da öz dəstəyini verir. Bundan başqa, ANAMA NATO-nun dəstəyi ilə Gürcüstan Müdafiə Nazirliyinin minaaxtaranlarına təlimlər reallaşdırıb.

KATEQORIYA:
Bu xəbəri paylaş