ANAMA ötən gün cəbhə zonasında 5 ədəd raket, 5 ədəd top mərmisi tapıb

ANAMA ötən gün cəbhə zonasında 5 ədəd raket, 5 ədəd top mərmisi tapıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Cəbrayıl Füzuli, Goranboy və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 19 müraciət daxil olub.

ANAMA-dan Azeri Defence saytına verilən məlumata görə, daxil olmuş 19 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Ağgöl, Köyük, Qaradolaq və Kürdlər kəndləri, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Şükürbəyli, Kərimbəyli kəndləri və Zobcuq qəsəbəsi, Goranboy rayonunun Səfikürd və Meşəli kəndləri, Tərtər rayonun “Gölyel” adlanan ərazisi, Avtovağzalın yanı, Düyərli kəndi, Şıxarx və Yeni qəsəbə ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 19 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 5 ədəd raket, 1 ədəd top mərmisi və 4 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Həmçinin Agentliyin partlayış qrupu tərəfindən 7 ədəd raket və 1 ədəd aviobomba partlayış yolu ilə zərərsizləşdirilib.

Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr – 01 oktyabr 2020-ci il tarixlərində 73 siqnal (əməliyyat çağırışı) əsasında 71 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Naftalan, Füzuli, Tərtər və Hacıqabul rayonları ərazisində ev və həyətyanı sahəyə, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib.

Nəticədə 1 ədəd aviabomba (OFAB-100), 18 ədəd raket, 1 ədəd raketinin arxa hissəsi (dolu), 3 ədəd döyüş başlığı, 1 ədəd 152 mm-lik top mərmisi (cəmi: 23 ədəd), hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, 1 ədəd kamikadze dron (partladıcısı yerində zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxeması və 16 ədəd partlamış raket hissələri aşkar olunub.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş