ANAMA tərəfindən cari ildə 478 ədəd PHS, 34 ədəd mina zərərsizləşdirilib

ANAMA tərəfindən cari ildə 478 ədəd PHS, 34 ədəd mina zərərsizləşdirilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən ölkə ərazisində partlamamış hərbi sursatların zərərsizləşdirilməsi əməliyyatları davam etdirilir.

ANAMA-dan Azeri Defence saytına verilən məlumata görə, avqust 3-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Şəmkir rayonu, Sabirkənd kəndi ərazisində qazıntı işləri aparılarkən 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü, 150 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 03 avqust 2020-ci il tarixlərində 239 siqnal (əməliyyat çağırışı) əsasında 215 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Sabirabad, Salyan, Şabran, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 25 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilib.

Əməliyyatlar nəticəsində 478 ədəd partlamamış hərbi sursat (PHS), 11 ədəd piyada əleyhinə mina, 23 ədəd tank əleyhinə mina və 16 504 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 80 875 kv.m ərazi yerüstü və 12 709 kv.m ərazi yeraltı yoxlanılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş