ANAMA tərəfindən ötən ay 168 ədəd PHS, 3 ədəd mina zərərsizləşdirilib – FOTOLAR

ANAMA tərəfindən ötən ay 168 ədəd PHS, 3 ədəd mina zərərsizləşdirilib – FOTOLAR

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən iyul ayı ərzində Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Cəbrayıl, Füzuli, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocavənd, Qazax, Şabran, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 729 711 m² (72,97 ha) ərazi yoxlanılıb.

Bu barədə Azeri Defence saytına ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

İyul ayı ərzində Agentlik tərəfindən 168 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd tank əleyhinə mina (cəmi: 171 ədəd) və 9 849 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 490 nəfər əməliyyat heyəti, 115 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İyul ayı ərzində Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 68 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.

Nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Qazax, Şabran, Tovuz rayonları, Bakı, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 15 267 m² ərazi yoxlanılıb, 85 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd tank əleyhinə mina (cəmi: 88 ədəd) və 9 849 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Ümumiyyətlə, Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 545 516 393 m² (54 551,64 ha) ərazi təmizlənib, 807 985 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

2020-ci ilin iyul ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş