ANAMA Tovuz və Qazax rayonlarında əməliyyat keçirib – FOTO

ANAMA Tovuz və Qazax rayonlarında əməliyyat keçirib – FOTO

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) 16-17 iyul tarixlərində Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Tovuz rayonunun Dondar Quşçu, Ağdam və Vahidli kəndlərinin ərazisinə mərminin düşməsi barədə 4 siqnal (əməliyyat çağırışı) daxil olub.

ANAMA-dan “AzeriDefence”ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan ərazidə 4 ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılan və partlayan 122 mm-lik top mərmilərinin (OF-56-1) qalıqları aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Partlamış mərmilərin ətrafında 470 kv.m əraziyə yerüstü, 8 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bundan başqa, iyulun 17-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Qazax rayonu, Xanlıqlar kəndi ərazisində evin həyətinə mərmi hissəsinin düşməsi barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Qazax rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 9M33 raketinin döyüş başlığı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Raketin döyüş başlığının ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş