ANAMA: Vətəndaşların öz yurdlarına baş çəkmələri üçün yaxın gələcəkdə şərait yaradılacaq

ANAMA: Vətəndaşların öz yurdlarına baş çəkmələri üçün yaxın gələcəkdə şərait yaradılacaq

Azərbaycan Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli “İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanına uyğun olaraq, işğaldan azad olunan ərazi vahidlərində müvəqqəti komendantlıqlar yaradılıb, bu rayonların ərazilərinin girişlərinə polis postları təyin olunub, xüsusi buraxılışı olan şəxslərin və nəqliyyat vasitələrinin təmizlənmiş və işarələnmiş xüsusi yollarla hərəkətlərinə icazə verilib.

“Azeri Defence”nin məlumatına görə, bu fikirləri bu gün keçirilən mətbuat konfrasında ANAMA-nın direktoru Qəzənfər Əhmədov deyib.

“Torpaqların işğaldan azad olunması sevinci ilə vətəndaşlarımızın öz dədə-baba torpaqlarına bir an öncə getmələri və öz yurdlarına baş çəkmək istəklərini anlayışla qarşılayırıq. Lakin bu ərazilərin minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirkləndiyini nəzərə alaraq, təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətədək bu ərazilərə daxil olmamaları, bu ərazilərə edəcəkləri səfərlərdən çəkinmələri xahiş olunur.

Bildirmək istəyirik ki, polis postlarından yayınaraq ara yollardan istifadə etməklə bu ərazilərə daxil olmaq və bunun nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsinə məruz qalmaq riski çox yüksəkdir. Baş verə biləcək partlayış nəticəsində yaralı vətəndaşın həmin ərazidən çıxarılması üçün Agentliyin minaaxtaranlarının səfərbər olmaları, bir an öncə yardımın göstərilməsi üçün edilən emosional vərdişlər təhlükəli və riskli minaaxtarma və zərərsizləştirmə fəaliyyətlərini daha da qəlizləşdirməkdədir”, – deyə Qəzənfər Əhmədov vurğulayıb.

ANAMA direktoru bildirib ki, qeyd olunanları nəzərə alaraq, vətəndaşlardan şübhəli və təhlükəli ərazilərə daxil olmamaları, tələb olunan qaydalara ciddi şəkildə riayət etmələri, özlərinin və vətəndaşların təhlükəsiz mühitdə yaşamaları üçün fəaliyyət göstərən insanların həyat və sağlamlıqlarını təhlükə qarşısında qoymamaları, bu ərazilərə yaxın yaşayan vətəndaşların həssaslıq və diqqət göstərmələri artıq dərəcədə xahiş olunur:

“Bu ərazilərdə icra olunacaq genişmiqyaslı minatəmizləmə fəaliyyətləri çərçivəsində ilk növbədə hərəkət marşrutlarının, yolların təmizlənməsi nəticəsində vətəndaşlarımızın öz yurdlarına baş çəkmələri üçün şəraitin yaxın gələcəkdə yaradılacağını məmnuniyyətlə bildirmək istəyirik”.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş