ANAMA xüsusi əməliyyat təcrübəsini artırır

ANAMA xüsusi əməliyyat təcrübəsini artırır

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən fəaliyyət göstərdiyi 20 il ərzində ölkə daxilində və xaricdə unikallığı ilə fərqlənən müxtəlif əməliyyatlar həyata keçirilib. Spesifikliyi ilə fərqlənən bu əməliyyatlardan humanitar minatəmizləmə tarixində ilk dəfə olaraq arxeoloji ərazinin minalardan, kəhrizlərin və tunellərin partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi, eləcə də keçmiş sovet ordusuna məxsus partlamış hərbi anbarlar ərazisində aparılan əməliyyatlar və s. xüsusi qeyd olunmalıdır.

Humanitar minatəmizləmə sahəsində bəziləri dünyada ilk dəfə ANAMA tərəfindən icra edilmiş bu əməliyyatlarda peşəkar təcrübə əldə olunmuş və gələcəkdə analoji əməliyyatların həyata keçirilməsi üçün əsas olacaq bir çox əməliyyat prosedurları hazırlanmışdır. Həyata keçirilmiş mürəkkəb əməliyyatlar həm də ANAMA-nın xüsusi əməliyyat potensialının formalaşmasında, eləcə də Agentliyin regional humanitar minatəmizləmə mərkəzi kimi tanınmasında rol oynamışdır.

Antik şəhər ərazisində əməliyyatlar

Adil Aslanov

ANAMA 2010-cu ildə Türkiyənin “Nokta Yatırım İnşaat” şirkəti ilə birlikdə Qaziantəp vilayətinin ərazisində, Suriya ilə sərhəddə yerləşən, tarixi miladdan öncə 1700-cü illərə aid Karkamış antik şəhərinin arxeoloji tədqiqatlara açılması ilə əlaqədar olaraq, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan edilmiş tenderə qatılmış və qalib olmuşdur. Bununla da Agentlik ilk dəfə olaraq Azərbaycan sərhədlərindən kənarda minatəmizləmə əməliyyatlarına cəlb olunmuş, 2010-2012-ci illərdə Karkamış antik şəhərinin ərazisini və Türkiyə-Suriya sərhədində minatəmizləmə əməliyyatları həyata keçirmişdir.

ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanovun sözlərinə görə, Türkiyə-Suriya sərhədi 1950-ci illərdə minalansa da, sonrakı dövrlərdə sərhədin möhkəmləndirilməsi məqsədi ilə hərbçilər tərəfindən dəfələrlə yeni minalar basdırılıb. Minalı sahələrin spesifikliyi orada minatəmizləmə əməliyyatları aparılarkən xüsusi seçilmiş texnologiyaların tətbiqi zərurətini yaradıb.

“Sərhədin neytral zonasının eni bəzi yerlərdə 50-300 metr təşkil edirdi. Sərhədin çox hissəsi səhra relyefinə və iqliminə malik yerlərdən, az bir hissəsi isə Fərat çayının sahilinə yaxın ərazidən keçir. Yaz-yay aylarında kölgədə istilik + 40, 45 dərəcə təşkil edirdi ki, bu da sahədə işləməyi çox çətinləşdirirdi. Hərbçilərdə minalanmış ərazilərin formulyarları olsa da sonradan ərazilərin dəfələrlə minalanması, eləcə də torpaqda baş verən fiziki proseslər nəticəsində bu formulyarlar itib. Xəritədə göstərilən işarələrin çoxu pozulduğundan minaların tapılması çətinləşirdi”, – deyə A. Aslanov qeyd edib.

ANAMA nümayəndəsi bildirib ki, əməliyyatlar zamanı Karkamış antik şəhərinin ərazisində 664 ha ərazi minalardan təmizlənib. Karkamışda ANAMA-nın ənənəvi əməliyyat standartlarına uyğun olmayan bir əməliyyat planlaşdırdığını deyən Adil Aslanovun sözlərinə görə, bu əməliyyat “həddən artıq incəliyi” ilə fərqlənib: “Bunun üçün ərazinin spesifikasına uyğun olaraq əməliyyat planları hazırladıq və əl ilə minatəmizləmə metodu tətbiq olundu. Biz orada elə hərəkət etməliydik ki, ərazidə hər hansı bir partlayış olmasın. Antik şəhər ərazisində arxeoloji tədqiqatların aparılacağı nəzərə alınaraq, tapılan minaların təhlükə dərəcəsindən asılı olmayaraq, yerində partlatma üsulu ilə məhvi metodundan istifadə edilmədi. Yerində hər partlyış tarixin məhv edilməsi deməkdir. Ona görə də tapılan minalar antik şəhərdən uzaqda yerləşən məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirildi. Daha sonra minaaxtaran itlərin köməkliyi ilə ərazinin keyfiyyət yoxlaması həyata keçirildi. Layihənin unikallığı da məhz bu idi”.

Karkamış şəhərinin ərazisindən həyata keçirilmiş əməliyyatlar zamanı böyük əksəriyyəti ABŞ istehsalı M-14 və M-2A1 piyada əleyhinə və “Türk tip” tank əleyhinə minalar olmaqla, 2500-dən artıq piyada və tank əleyhinə minalar aşkarlanaraq məhv edildi. Minalarla yanaşı, ANAMA əməkdaşları tərəfindən aşkarlanmış müxtəlif növ qədim əşiyalar, o cümlədən qədim sikkələr, zərgərlik nümunələri Türkiyənin Mədəniyyət və Turizim Nazirliyinin nümayəndələrinə təhvil verildi: “Mina təmizləmədən sonra ərazi arxeoloqların işləməsi üçün açıldı. İşləri yekunlaşdırdıqdan sonra ərazinin təmiz olması barədə sifarişçiyə sertifikat verdik. Sonrakı dövrdə orada aparılan arxeoloji işlər zamanı hansısa mina və ya partlamamış hərbi sursata rast gəlinməyib”.

Karkamış antik şəhərinin ərazisinin yüksək riskli olduğunu qeyd edən ANAMA nümayəndəsinin sözlərinə görə, bütün prosedurlar və təhlükəsizlik tədbirləri nəzərə alınıb. Nəticədə əməliyyatların gedişatında hər hansı hadisə baş verməyib.

ANAMA heyəti tərəfindən axtarış əməliyyatları Avstraliyanın “Minelab” şirkətinin istehsalı olan F-3 metal detektorları ilə aparılıb: “Biz Azərbaycanda əsasən Almaniyanın “Vallon” şirkətinin istehsalı olan metal detektorlardan istifadə edirik. Lakin Karkamışda apardığımız tədqiqatlar zamanı F-3 detektorların “Vallon” detektorlarından üstün olduğu üzə çıxdı. F-3 detektorları “Vallon”lara nisbətən metala daha həssasdır. Qeyd etdiyimiz kimi, Türkiyədə Amerika istehsalı olan, az metal tərkibli minalar geniş yayılıb. Həmin minalarda mövcud olan kiçik ölçülü metal iynəcik yalnız F-3 detektorları ilə qeydə alına bilir. Digər tərəfdən, torpağın aşınması və digər təbii proseslər nəticəsində minalar müəyyən sürüşmələrə məruz qalırlar və 15 sm-ə qədər dərinə düşür. Bu hallarda “Vallon” detektorları onları aşkarlamaqda çətinlik çəkir. F-3 detektorlarında isə belə bir problem olmur”.

Kəhriz əməliyyatları

2011-2012-ci illərdə ANAMA tərəfindən Azərbaycanın cəbhəyanı rayonlarında həyata keçirilən unikal əməliyyatlardan biri də kəhrizlərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsidir. Sözügedən əməliyyatlar zamanı Agentlik tərəfindən Ağdam rayonu ərazisində 18 kəhrizin təmizlənməsi həyata keçirilib. Layihə çərçivəsində ANAMA-nın nəzdində kəhriz quyuları və tunellərində işləyən əməliyyat qrupu yaradılıb. Qrup işıqlandırma cihazları, sualtı kamera, su altında həssaslıqla işləyə bilən detektorlar, darısqal quyu və tunellərə enmək və çıxmaq, tapılan mina və sursatları təhlükəsiz şəkildə götürməyə imkan verən avadanlıqlar və digər zəruri avadanlıqlarla təchiz olunub. Əməliyyatlarda “Vallon” şirkətinin su altında metal əşyaları aşkarlamağa imkan verən yeni detektorlarından istifadə edilib.

“Kəhriz əməliyyatının unikallığı ondan ibarətdir ki, qapalı bir tuneldə, quyuda nə ilə qarşılaşacağını bilmirsən. Orada PHS, mina və ya digər partlayıcı vasitələr ola bilər. Döyüş əməliyyatları zonasında adətən su kanallarının, quyuların, kəhrizlərin və s. bu kimi yerlərin PHS-lərlə çirkləndirilməsi hallarına tez-tez rastlaşmaq mümkündür. Tədqiqat apararkən bu yerlərə xüsusi diqqət yetiririk. Adətən, düşmən geri çəkilərkən tərk etdiyi ərazilərdə insanların ilk növbədə istifadə edəcəyi yerlərdə müxtəlif növ mina və əldə düzəltmə partlayıcı qurğular yerləşdirir. Buna görə də, belə ərazilərə həssas yanaşmaq lazımdır”, – deyən Adil Aslanovun fikrincə, tunel və quyularda əməliyyatların aparılması üçün texniki avadanlıqlara ehtiyac var.

ANAMA mütəxəssisinin sözlərinə görə, bənzər problemlər Azərbaycanla yanaşı Əfqanıstanda, Suriyada və şərqdəki digər münaqişə zonalarında da mövcuddur. Hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan rayonlarda mövcud olan çox sayda kəhrizdə də bənzər problemlərin varlığı ehtimal edilir. Ərazilər işğaldan azad edildikdən sonra, kəhrizlərin və su hövzələrinin yoxlanıb-təmizlənməsi ilk prioritetlərdən biri olacaq.

Saloğlu layihəsi

Ağstafa rayonunun “Saloğlu” kəndinin ərazisində yerləşən 138 bunkerdən ibarət hərbi sursat anbarı Cənubi Qafqazda Sovetlər Birliyinin ən böyük bazası olub. 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra baza bu regionu tərk edən sovet ordusu tərəfindən dağıdılıb. Partlayış nəticəsində PHS-lar sahəsi 44 mln. kvadrat metr (4400 ha) olan böyük bir əraziyə səpələnib.ANAMA tərəfindən NATO-nun Maddi-Texniki Təchizat Agentliyinin (NSPA) dəstəyi ilə 2005-2011-ci illərdə reallaşdırılmış partlamış “Saloğlu” hərbi bazasının ərazisinin sursatlardan təmizlənməsi layihəsi özünün miqyasına və ağırlığına görə regionda ən böyük PHS zərərsizləşdirmə layihəsi hesab olunur. “Saloğlu” layihəsi çərçivəsində keçmiş hərbi bazanın ərazisində və onun ətrafında olan bütün PHS-lərin aşkar edilməsi, yerin səthində və altında olan PHS və partlayıcı təhlükələrin aradan qaldırılması həyata keçirilib. 5 683769 kvadrat metr ərazidə aparılan yerüstü və yeraltı təmizləmə işləri zamanı 20204 ədədi ağ fosfor tərkibli olmaqla, 650 mindən çox sursat aşkarlanaraq zərərsizləşdirilib.

“Əməliyyatlar zamanı “Saloğlu” bazasında Sovet Ordusuna məxsus 250 növdən artıq hərbi sursata rast gəldik. Elə sursat növləri vardı ki, indiyədək dünyanın hansısa yerində rast gəlinməmişdi. “Saloğlu”çirklənmə baxımından çox ciddi təhlükəli ərazi idi. Dağılmış anbarlar ərazisinə dəvət etdiyimiz beynəlxalq mütəxəssislər konkret olaraq həmin əraziyə dair təmizləmə prosedurunun mövcud olmadığını bir mənalı şəkildə söyləyərək ən doğrusu sizin tətbiq etdiyiniz prosedurdur dedilər” – deyə A. Aslanov vurğulayıb.

Adil Aslanovun sözlərinə görə, “Saloğlu”da əməliyyatlar zamanı bəzi ərazilərdə yerin 3-6 metr yerin dərinliyindən sursatlar tapılaraq zərərsizləşdirilib.

“Saloğlu” əməliyyatlarında ANAMA tərəfindən yerüstü təmizləmə ilə yanaşı yerin dərin qatlarında, torpaq altında qalmış sursatların da müasir texnologiyaların tətbiqi ilə aşkarlanıb çıxarılması həyata keçirilib. Əməliyyatının gedişində Agentliyin mütəxəssisləri tərəfindən əldə edilmiş təcrübə əsasında müxtəlif metodologiyalar üzərində işlənməklə, hərbi sursatların saxlandığı tərk edilmiş ərazinin təmizlənməsi üçün xüsusi Standart Əməliyyat Preosedru (SƏP) (“Tərk edilmiş hərbi sursat anbarları ərazisinin təmizlənməsi üzrə SƏP”) hazırlanıb. ANAMA-nın hazırda partlamış hərbi bazaların ərazilərinin təmizlənməsində qeyd olunan SƏP-a əsasən hərəkət etdiyini deyən A. Aslanovun sözlərinə görə, bir çox minatəmizləmə təşkilatları da artıq bu standartları öyrənib tətbiq edirlər: “Biz 2017-ci ilin avqust ayında Xızı rayonu ərazisində partlayan silah anbarının ətrafının təmizlənməsində qeyd etdiyim prosedurlardan istifadə etdik. Eləcə də Gürcüstanda Skra regionunda sursat anbarı kimi istifadə olunan, 2008-ci ildə Rusiya-Gürcüstan arasında gedən müharibə zamanı partladılmış tunelin təmizlənməsində yenə ANAMA-nın nəzarəti altında, bizim standart prosedurlardan istifadə olundu”.

ANAMA rəsmisinin sözlərinə görə, “Saloğlu” layihəsində qazanılan təcrübə “Güzdək” anbarlarının, “Ceyrançöl” poliqonunun və Xızıda partlayan anbarın təmizlənməsi kimi böyük layihələrin uğurla icrasına imkan verib. Eləcə də xarici ölkələrdə də analoji əməliyyatların həyata keçirilməsində yararlanılıb, Türkiyə, Gürcüstan və digər ölkələr üçün mütəxəssislər hazırlanıb. Yerin dərin qatlarındakı sursatların axtarışı məqsədi ilə Agentliyin Təlim, Tədqiqat və Keyfiyyətin Təminatı Qurumunun tərkibində Skaner Qrupu yaradılıb. Qrup adi lokatorlarla təmizlənməsi mümkün olmayan dərinlikləri və metallı əraziləri “Ferex DLG”, “Ferex API”, “Vallon D1” və “Vallon D2” lokatorları ilə yoxlayaraq kompüter rejimi ilə ərazini skan edərək, obyektlərin yerini bildirən yeraltı xəritələri hazırlayır. Skaner Qrupu ferromaqnetik maneələrin yanında, eləcə də elektrik xətlərinin yaratdığı elektromaqnetik siqnalları filtr edərək, effektiv axtarış aparma imkanlarına malik avadanlıqlarla təchiz olunub.

Neft mədənləri ərazisində təmizləmə

ANAMA tərəfindən müxtəlif vaxtlarda respublikanın müxtəlif bölgələrində – Naftalanda və Bakı ətrafında neft mədənləri ərazilərində, eləcə də neft gölməçələrinin mina və PHS-lərin təmizlənməsi əməliyyatları həyata keçirilib. Qeyd edək ki, neft mədənləri ərazisində minatəmizləmə əməliyyatlarını dünyada çox az təşkilat reallaşdırıb. Bu baxımdan ANAMA üçün sözügedən əməliyyatlar xüsusi önəm daşıyır. “ANAMA bir neçə il əvvəl Küveyt Dövlət Neft Şirkəti tərəfindən İraq-Küveyt müharibəsi zamanı hərbi sursatlarla çirklənmiş neft mədənlərinin təmizlənməsinə dair elan edilən tenderə qatılmışdı. Küveytin standartlarına uyğun gəldiyimiz üçün təşkilat olaraq akkreditasiyadan keçdik. Bu gün Küveytdən minatəmizləmə əməliyyatları ilə bağlı müraciətlər olur. Lakin kiçik həcmli layihələr olduğuna görə, ora getmək iqtisadi baxımdan səmərəli deyil”, – deyə A. Aslanov qeyd edib.

ANAMA-nın baş əməliyyat mütəxəssisinin sözlərinə görə, Agentlik yüksək gərginlikli elektrik xəttləri və dəmir yollarında mina və PHS axtarışı, ərazinin təmizlənməsi kimi mürəkkəb əməliyyatlar sahəsində də ixtisaslaşıb: “Qeyd olunan ərazilərdə siqnal problemləri olur. Bu da axtarışların dəqiq həyata keçirilməsinə maneçilik törədir, çətinliklər meydana çıxır. ANAMA bu tip ərazilərdə də müxtəlif layihələr həyata keçirərək təcrübələr qazanıb. Hazırda dəmir yollarında əməliyyatlar aparmaq üçün Agentlikdə xüsusi minaaxtaran itlərinin öyrədilməsi prosesi gedir”.

Adil Aslanovun sözlərinə görə, həyata keçirilən spesifik əməliyyatlar ANAMA-ya potensialını gücləndirmək imkanları yaradıb. BMT tərəfindən keçirilən müstəqil auditlərdə də ANAMA-nın işləri, təlim və əməliyyat imkanları yüksək qiymətləndirilib. Yuxarıda qeyd olunan layihələrin bu günədək uğurla, itkisiz və son dərəcə dəqiqliklə icrası ANAMA-nın minatəmizləmə ilə yanaşı PHS əməliyyatları sahəsində də ixtisaslaşmış dünyanın azsaylı mərkəzlərindən birinə çevrilməsində mühüm rol oynayıb. Ölkədə partlamış hərbi bazaların təmizlənməsi əməliyyatlarının gedişində ANAMA  ilk olaraq ağır, mürəkkəb və təhlükəli PHS əməliyyatlarını planlaşdırmaq və icra etmək kimi bir bacarıq, eyni zamanda qlobal səviyyədə tədris oluna biləcək təcrübə imkanları qazanıb. Sonrakı dönəmdə Agentliyin NATO-nun Gürcüstanın mühəndis-istehkam qrupuna minatəmizləmə və PHS təlimlərinin keçirilməsi tenderinin qalibi olması, eləcə də Türkiyə və digər ölkələrdən heyətlərə verilən təlimlər də bu qazanılmış təcrübənin nəticəsi sayıla bilər.

Zaur Babaşov

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş