Anar Eyvazov: “Ordumuz əks-hücum əməliyyatı başlayandan işğaldan azad olunmuş torpaqlarımızdan bir addım belə geri çəkilməyib”

Anar Eyvazov: “Ordumuz əks-hücum əməliyyatı başlayandan işğaldan azad olunmuş torpaqlarımızdan bir addım belə geri çəkilməyib”

Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı davam edir. Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərən düşmənin pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal məhv edilib.

Azeri Defence saytının məlumatına görə, bu fikirləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi polkovnik-leytenant Anar Eyvazov keçirilən brifinqdə deyib.

Polkovnik-leytenant Anar Eyvazov bildirib ki, Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahına, infrastrukturuna və silah-sursat anbarlarına bölmələrimiz tərəfindən artilleriya zərbələri endirilib. Yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikasından ibarət hərbi kolonu dəqiq artilleriya atəşi ilə darmadağın edilib.

Ordumuzun dəqiq atəş zərbələri nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib. Ermənistan ordusunun 1-ci və 7-ci alaylarının müdafiə sahələrində yerləşən bölmələrinin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilik ediblər.

Müdafiə Nazirliyinin mətbuat katibi bildirib ki, məğlubiyyətlə üzləşən Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi rayonlarını, o cümlədən “Toçka-U” taktiki raket kompleksindən istifadə edərək Bərdə rayonunu artilleriya və raket atəşinə tutub. Azərbaycanlı mülki əhali arasında ölən və yaralananlar var. Ordumuz adekvat tədbirlər görür. Azərbaycan Ordusunun atəş zərbələri endirdiyi bütün hədəflər beynəlxalq humanitar hüquq normaları və prinsiplərinə uyğun olaraq legitim xarakter daşıyır.

Anar Eyvazov onu da qeyd edib ki, döyüşdə iştirak edən bölmələrimizin maddi – texniki təminat baxımından heç bir problemi yoxdur: “Şəxsi heyət, o cümlədən hərbi texnika və döyüş vasitələrimiz bütün növ təminat vasitələri ilə tam şəkildə təmin edilib. Xüsusilə qeyd etmək istəyirəm ki, ordumuz əks-hücum əməliyyatı başlayandan bu günədək işğaldan azad olunmuş torpaqlarımızdan bir addım belə geri çəkilməyib. Əksinə, əməliyyat planına uyğun bütün tədbirlər fasiləsiz davam etdirilir. İstiqamət Qarabağdır. Qələbə bizimlədir!”

 

KATEQORIYA:
Bu xəbəri paylaş