Aprel-iyul aylarında ölkə ərazisində 1600-ə yaxın partlamamış sursat zərərsizləşdirilib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən aprelin 7-dən iyulun 18-dək respublika ərazisində 1 591 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib.

Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 18 iyul 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 622 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib.

Əməliyyatlar zamanı 1 591 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 23 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş