ArMİ-2017 ilə bağlı növbəti beynəlxalq konfrans Bakıda keçiriləcək – EKSKLÜZİV

ArMİ-2017 Beynəlxalq hərbi oyunlara hazırlıq üzrə 3-cü planlaşdırma konfransı Bakıda keçiriləcək.

“AzeriDefence”nin hərbi mənbələrdən aldığı eksklüziv məlumata görə, martın sonunda keçiriləcək konfransda beynəlxalq hərbi oyunların təşkili üzrə ölkələrin – Belarusun, Qazaxıstanın, Çinin, Rusiyanın, Türkmənistanın, İranın müdafiə nazirliklərinin rəhbər heyətindən nümayəndələr, o cümlədən Asiya, Avropa və Amerikadan Azərbaycanda akreditə olunan hərbi attaşelər iştirak edəcək.

Konfransda yarışların keçirilməsi, onların yeri, xarici komandaların milli ərazilərdə qəbulu, maddi-texniki, məişət, tibbi təchizat, sərhədin hərbi eşalonlarla keçirilməsi və digər məsələlərə dair müzakirələr aparılacaq. Həmçinin, ArMİ-2017-nin keçirilməsi üzrə Təşkilat Komitəsinin də iclası keçiriləcək.

Qeyd edək ki, iyulun 29-dan avqustun 12-dək ArMİ-2017 hərbi oyunları çərçivəsində 28 beynəlxalq konkurs, o cümlədən 5 yeni yarış keçiriləcək.

Konkurslar 5 ölkə ərazisində – Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Çində baş tutacaq.

Çində 6, Qazaxıstanda 3, Belarusda 1 hərbi yarışlar reallaşcaq.

Azərbaycan isə bu oyunlar çərçivəsində ilk dəfə olaraq Xəzərdəki milli ərazi sularında Dəniz kuboku – 2017 yarışlarına ev sahibliyi edəcək. Açılış mərasimi Azərbaycan HDQ-nın Puta qəsəbəsində yerləşən bazasında reallaşacaq.

Yarışların keçirilməsi dənizçilər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, dostluq münasibətlərinin genişlənməsi, döyüş hazırlığı və hərbi dənizçilik sahəsində təcrübənin artması məqsədi daşıyır.

Xatırladaq ki, yaxın günlərdə bununla bağlı Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin də Azərbaycana səfəri nəzərdə tutulub. İşçi qrupa Rusiya Hərbi Dəniz Qüvvələrinin komandan müavini rəhbərlik edəcək.

Azərbaycan tərəfindən isə Dəniz kuboku-2017 yarışlarının keçirilməsi üzrə işçi qrupun rəhbəri Azərbaycanı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovdur.

ArMİ-2017 Beynəlxalq hərbi oyunlara hazırlıq üzrə 2-ci planlaşdırma konfransı Moskvada keçirilmişdi.

KATEQORIYA:
Bu xəbəri paylaş