Arzu Rəhimov: Səfərbərlik hazırlığı, çağrış işinin təşkili sahəsində əhəmiyyətli nəticələr əldə olunub

Azərbaycanda səfərbərlik hazırlığı, çağrış işinin təşkili və silahlı qüvvələrin çağrışçılarla komlektləşdirilməsi sahəsində əhəmiyyətli nəticələr əldə olunub.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 5 illiyi münasibəti ilə təşkil olunmuş tədbirdə çıxış edən Xidmət rəisi, general-leytenant Arzu Rəhimov bildirib.

A.Rəhimov qeyd edib ki, Xidmətin qarşısında qoyulan əsas vəzifələrdən biri səfərbərliyin idarə olunması, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin hərbi vəzifəlilər və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi üçün ehtiyatda olan resursların çağrılması, toplanılaraq hərbi hissələrin qəbul məntəqələrinə göndərilməsidir.

“Çağrış yaşına çatan gənclərin müddətli həqiqi hərbi xidmətə cəlb edilməsi Xidmətin fəaliyyətinin digər mühüm istiqamətidir. Hazırda müharibə şəraitində olan ölkənin səfərbərlik hazırlığı və müddətli hərbi xidmətə çağırış işi Xidmətin üzərinə əlavə məsuliyətlər qoyur. Qeyd olunan məsələlərin tələb olunan səviyədə yerinə yetirilməsi məqsədi ilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Görülən tədbirlər nəticəsində Azərbaycan prezidentinin təsdiq etdiyi plana uyğun olaraq keçirilən irimiqyaslı təlimlərdə Müdafiə Nazirliyinin hərbi hissələrində hərbi vəzifəlilər və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi yüksək səviyədə həyata keçirilib. Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə komplektləşdirilməsi məqsədi ilə çağırış yaşına çatan gənclərin hərbi xidmətə cəlb edilməsi və təyin olduqları hərbi hissələrə göndərilməsi ötən müddət ərzində tam təmin edilib”, – deyə A.Rəhimov vurğulayıb.

A.Rəhimov qeyd edib ki, Xidmət tərəfindən vətəndaşların çağrışdan yayınmasının qarşısının alınması istiqamətində zəruri işlər görülüb, hərbi xidmətə çağrışdan boyun qaçıran vətəndaşlar haqqında məlumatlar sərhədkeçmə məhdudiyyətliləri siyahısına daxil edilib, eləcə də çağrışdan yayınan şəxslər barədə materiallar toplanılaraq müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına təhvil verilib: “Ötən illər ərzində səfərbərlik hazırlığı Silahlı Qüvvələrin hərbi vəzifəlilər və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi, vətəndaşların işinin hərbi qeydiyyata alınması, çağrışçıların tibbi şahadətləndirilməsi müddətli həqiqi hərbi xidmətə cəlb edilməsi işində bir sıra nöqsanlar aşkar edilsə də, onların aradan qaldırılması istiqamətində tərəfimizdən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Səfərbərlik hazırlığı və vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağrış işinin Xidmətin qarşısında duran mühüm vəzifələrdən olmasını nəzərə alaraq gələcəkdə bu istiqamətdə zəruri tədbirlərin görülməsi davam etdiriləcək”.

KATEQORIYA:
Bu xəbəri paylaş