Arzu Rəhimov Türkiyənin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi ilə görüşüb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi briqada generalı Zafer Ocak ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlığın əhəmiyyəti, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi məsələləri müzakirə edilib.

Hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən Xidmət rəisi ona iki ölkənin Silahlı Qüvvələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanda hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən Zafer Ocak ölkələr arasında hərbi sahədə əməkdaşlığın inkişafı üçün çalışacağını vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş