ASELSAN Azərbaycanda yerini möhkəmləndirir

Uğurlu olsun ASELSANAzərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) “Optika” İstehsalat Birliyinin müəssisələrində Türkiyənin ASELSAN şirkəti ilə birgə, ASELSAN lisenziyası əsasında müxtəlif tipli optik cihazlar istehsal olunacaq. “AzeriDefence” saytının məlumatına görə, artıq MSN müəssisələrində bununla bağlı istehsal xətti yaradılıb. Müəssisə istehsal prosesinə hazırlanıb. Həmçinin istehsal prosesini idarə edəcək azərbaycanlı mütəxəssislər ASELSAN şirkətində ixtisasartırma kursları keçiblər.

İlkin mərhələdə ASELSAN lisenziyası əsasında Bakıda termal müşahidə kameralarının və gecəgörmə cihazlarının, eləcə də BTR tipli döyüş maşınları üçün termal görüş sisteminin istehsalı nəzərdə tutulur. Müqavilə Azərbaycan istehsal etdiyi məhsulları eyni zamanda ixrac etmə icazəsini də verir.

Bununla yanaşı, hazırda ASELSAN və MSN zirehli transportyorların birgə modernizasiyası, radiostansiyaların, eləcə də bəzi elektrooptik sistemlərin və sensorların birgə istifadəsi imkanlarını da nəzərdən keçirir.

Hazırda Azərbaycan Silahlı Qüvvələri ASELSAN istehsalı olan manqa radiostansiyaları da daxil olmaqla müxtəlif rabitə vasitələrindən geniş istifadə edir. ASELSAN şirkətinin 1998-ci ildə Bakıda qurduğu “ASELSAN Bakı” şirkəti Azərbaycan Silahlı Qüvvələrinə dəstək xidmətləri həyata keçirməkdədir.

Qeyd edək ki, MSN-in “Optika” İstehsalat Birliyi ilə ASELSAN arasında 2010-cu ilin may ayında İordaniyanın Amman şəhərində keçirilən SOFEX-2010 sərgisi çərçivəsində imzalanmış müqavilə “Optika” İstehsalat Birliyinin “Alov” zavodunda gecəgörmə cihazları və termal müşahidə qurğularının birgə istehsalını nəzərdə tutur.

KATEQORIYA:
Bu xəbəri paylaş