ASELSAN “Capital-500” siyahısında 500 şirkət arasında birinci olub

ASELSAN “Capital-500” siyahısında 500 şirkət arasında birinci olub

Türkiyənin ən böyük 500 özəl şirkətinin yer aldığı “Capital-500” araşdırma siyahısında ASELSAN şirkəti 2019-cu ildə 13 milyard TL-dən çox dövriyyəsi ilə 35-ci sırada yer alıb.

Bu barədə Azeri Defence saytına ASELSAN şirkətindən məlumat verilib.

Məlumatda bildirilib ki, bundan əvvəlki ildə 42-ci yeri tutan ASELSAN siyahıda 7 pillə qalxıb və bununla ASELSAN müdafiə sənayesi şirkətləri arasında liderliyini qoruyub.

“Capital” jurnalı tərəfindən keçirilən “Capital-500” araşdırma siyahısındakı bir çox sənaye şirkətindən güclü fəaliyyət gəlirliyi və aşağı borc dərəcələri əsasında sabit böyümə modeli ilə fərqlənən ASELSAN “Capital-500” siyahısında ən çox qazanc əldə edən şirkətlər arasında 4-cü yeri tutub.

ASELSAN 10 milyard TL həddini ən sürətli keçən şirkətlər siyahısında 1-ci olub.

Bundan başqa ASELSAN şirkəti İstanbul Sənaye Palatası (İSO) tərəfindən hazırlanan “Türkiyənin Ən Yaxşı 500 Sənaye Müəssisəsi” siyahısında 4 pillə yüksələrək 11-ci yerdə qərarlaşıb. Habelə “Fortune-500” Türkiyə araşdırması siyahısında 2019-cu ildə dövriyyəsi ilə 7 pillə yüksələrək 25-ci sırada yer alıb.

Artan ixrac imkanları ilə ASELSAN hər il müntəzəm olaraq keçirilən dünyanın ən yaxşı 100 müdafiə sənayesi təşkilatı siyahısında hər il yüksəlir və 2019-cu ildə bu siyahıda 52-ci yeri tutub.

Məlumatda o da qeyd olunub ki, ASELSAN 8 mindən çox işçisi ilə (59% mühəndis olmaqla) fəaliyyətini davam etdirir.

Türkiyənin ən böyük müdafiə elektronikası şirkəti olan ASELSAN, rabitə və informasiya texnologiyaları, radar və elektron hərb sistemləri, elektro-optik, aviyonika, insansız sistemlər, quru, dəniz və silah sistemləri, hava hücumundan müdafiə və raket sistemləri, komanda nəzarət sistemləri, o cümlədən nəqliyyat, təhlükəsizlik, avtomatlaşdırma və sağlamlıq texnologiyalarını əhatə edən geniş çeşiddə məhsullar hazırlayır və istehsal edir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş